Azərbaycanda kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə işlər davam etdirilir. Bu yaxınlarda “Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” altqrupun növbəti görüşü baş tutub. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə heyətinin sədri Fərid Osmanov iştirak ediblər. Bununla yanaşı, toplantıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin digər altqurumları, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC və digər dövlət qurumlarının nümayəndələri qatılıblar. Görüş zamanı Dünya Bankı Qrupunun yeni “Business Ready” hesabatında “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi” üzrə tələblər və qarşıda duran vəzifələr, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi üzrə tapşırıqlar və görülmüş işlərin statusu, kommunal xidmətlərə qoşulma üzrə elektronlaşma və rəqəmsallaşma istiqamətində görülmüş işlər və potensial imkanlar barəsində fikir mübadiləsi aparılıb. İştirakçılar, həmçinin kommunal xidmət qurumlarında aparılan diaqnostikanın nəticələrini, altqrupun əvvəlki iclasının protokolunda qərara alınmış tədbirlərin icra vəziyyətini, yol xəritəsinin ilkin layihəsi üzrə təklifləri də müzakirə ediblər.
Qeyd edək ki, kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi vətəndaşların elektrik, qaz, su, internet və digər kommunal xidmətlərlə əlaqəli məlumatları bir yerdə izləməsinə, ödəniş etməsinə və problemləri həll etməsinə imkan verən rəqəmsal platformadır. Bu cür sistemlər, adətən, aşağıdakı funksiyalara malik olur:
Fərdi hesab və giriş – istifadəçilər şəxsi hesablarına daxil olub, borcları və ödəniş tarixçəsini görə bilərlər.
Elektron ödənişlər – kommunal borcların onlayn şəkildə ödənilməsi imkanı.
Xəbərdarlıqlar və bildirişlər – borclar, kəsintilər və digər vacib məlumatlar barədə SMS və ya e-poçt vasitəsilə bildirişlər.
Avtomatik ödənişlər – müəyyən vaxt aralığında avtomatik ödənişlərin həyata keçirilməsi.
Problem və şikayətlərin qəbulu – istifadəçilər xidmətlərlə bağlı problemlərini sistem üzərindən bildirə bilərlər.
İstehlak statistikası – su, qaz və elektrik enerjisinin sərfiyyatını izləmək və analiz etmək.
Hazırda vahid kommunal informasiya sistemləri bir çox ölkədə tətbiq edilir. Əsasən, inkişaf etmiş ölkələr və rəqəmsal hökumət təşəbbüsləri olan dövlətlər bu cür sistemləri qurublar. Məsələn, dünyanın ən inkişaf etmiş rəqəmsal hökumət sisteminə sahib Estoniyada bu xidmətlər e-Estonia platformasına inteqrasiya olunub.Vətəndaşlar bir pəncərə sistemi vasitəsilə bütün kommunal xidmətlərə çıxış əldə edə bilirlər. Sinqapurun “SingPass & MyInfo” platforması bütün dövlət və özəl xidmətlər üçün vahid giriş sistemidir. Kommunal xidmətlər birləşdirilib və vətəndaşlar bütün ödənişləri bir platformada görə bilirlər. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) – “DubaiNow & Abu Dhabi TAMM” tətbiqi kommunal xidmətləri birləşdirib. Çində vətəndaşlar “Alipay və WeChat Pay” vasitəsilə elektrik, qaz və su ödənişlərini bir yerdən idarə edə bilirlər. Türkiyədə “e-Devlet Kapısı” kommunal xidmətlər də daxil olmaqla dövlət xidmətlərinin vahid portalıdır. Elektrik, qaz və su şirkətləri bu sistemə inteqrasiya edilib.
Azərbaycan bu istiqamətdə inkişaf etsə də, tam inteqrasiya olunmuş sistemə malik deyil. ASAN Kommunal və ASAN ödəniş müəyyən xidmətləri birləşdirsə də, hələ tam şəkildə Estoniya və ya Sinqapur kimi rəqəmsal ekosistem yaratmayıb. Vahid kommunal informasiya sisteminin bir çox üstünlükləri var. Bu sistem vətəndaşlar, dövlət qurumları və xidmət təminatçıları üçün prosesi sadələşdirir, şəffaflığı artırır və vaxt itkisinin qarşısını alır.
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, kommunal xidmətlər üzrə vahid informasiya bazasının yaradılması bu sahədə həyata keçirilən siyasətin mərkəzləşdirilməsi və sistemləşdirilməsi baxımından vacibdir: “Bu addım proqnozların hazırlanması, bu istiqamətdə tədqiqatların və digər fəaliyyətlərin həyata keçirilməsinin daha effektli və daha sistemli şəkildə reallaşmasına imkan verəcək. Eyni zamanda istehlakçılar üçün də vacib məqamlardan biridir. İstehlakçılar artıq vahid platforma vasitəsilə kommunal xidmətlər üzrə müraciətləri vahid platformada ünvanlaya biləcəklər. Bu da bir platformadan istifadə etməklə müraciət imkanı və hər hansı çətinliklər olarsa, bunun daha qısa zamanda həlli imkanları deməkdir. Nəticədə bu, imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərin əldə edilməsi ilə bağlı üzləşəcəkləri potensial çətinlikləri daha qısa zamanda həll edə bilsinlər. Bu addım istehlakçıların kommunal xidmətlərə əlçatanlığının artırılması və fasiləsiz kommunal xidmətlərin təmin edilməsi baxımından da vacib hesab olunur”.
Onun sözlərinə görə, bu addım həm də imkan verəcək ki, istehlakçılar kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi vasitəsilə də müraciət etsinlər və onları maraqlandıran məsələlərə daha qısa zamanda aydınlıq gətirilsin: “Vahid platforma vahid yanaşma deməkdir. Bu, istehlakçıların fasiləsiz kommunal xidmətlərlə təmin edilməsinə və eyni zamanda müraciətlərin vahid sistem vasitəsilə baxılması, öyrənilməsi və daha qısa zamanda həllinə imkan yaradacaq”.