AZ

Ədalətin Vətən sevgisi - FOTO

Azərbaycanın yeni, şanlı tarixinə yazılan  44 günlük haqq savaşımızda polad sinəsini Vətənə sipər edib şəhadətə qovuşan Ədalət Sədaqət oğlu Hüseynli  Cəlilabad rayonu, Fərəcullalı kəndindəndir. Sağlığında təkcə kənd camaatı tərəfindən sevilən gəncin adı çəkiləndə indi bütün Azərbaycan xalqı qürur hissi duyur.

Ədalətin bu işıqlı dünyaya gəlib getməsi cəmi 28 il çəkdi. Amma Vətənin yaşaması, xanlın xoşbəxt gələcəyi naminə göstərdiyi  qəhrəmanlığı dillərdə dastana  döndü.   Qəlbi Azərbaycana sevdalanan Ədaləti mənən yaşadan milyonların ürəyidir. Dövlət tərəfindən layiq olduğu “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın və Qubadlının azadlığına görə medalları isə  bütün varlığı ilə bağlandığı Vətənə olan  halal sevgidən  nişanədir.

Ədalətdə həqiqətən  Vətənə, torpağa  məhəbbət kökdən gəlmə olub, məhz buna görə də erməni dığaların Qarabağda etdikləri ilə heç cür barışa bilməyib.  2010-cu ildə əsgərlik yaşına çatanda elə yağı düşməndən qisas almaq üçün hərbi xidmətə  gedib. Cəbhə bölgəsində Vətəni canından üstün tutan  Ədalət  yoldaşlarına   vətənpərvərlik, sədaqət, cəsarət, qəhrəmanlıq nümunəsi olub. Yaxşı xidmətinə görə onunla həmişə öyünüblər. Fiziki gücü, bacarığı da bir qayda olaraq qatıldığı təlimlərdə ona uğur qazandırıb.  

Qorxmazlığı, igidliyi ox olub qana susamış cəlladların gözünə  sancılıb.  Beləcə o, el-obanın başını uca edən yararlı övlad tək  həqiqi hərbi xidmətini başa vurub. Amma  düşməndən qisas alacağı günü  hər an gözləyib...

Ədalətin nəcibliyi, halallığı, doğma torpağa məhəbbəti ona yaşadığı el-obada  böyük hörmət gətirib. Gördüyü işlərlə  cəmiyyətə yalnız fayda verib. Necə deyərlər, başqasına işıq olmaqla özünə xoşbəxtlik  çələngi  hörməklə yaşayıb. Bir müddət sonra, yəni  2020-ci il sentyabrın 27-də  Ədalətin   gözlədiyi  gün gəlib. Vətənin harayına qələbəyə inamla qoşulub. Sentyabrın 29-da könüllü olaraq müharibəyə   yollanıb.  Ön cəbhədə düşmənə qarşı döyüşə girib. Dığaların kabusuna çevrilən Ədalət  ağır  müharibə meydanında  kişi kimi vuruşub, yağı gülləsini vecinə almayıb. İki dəfə yüngül yaralansa da, qeyrəti döyüşmək üçün ona güc verib. Amalı Qarabağın hər qarışını almaq olub.  Çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv etməklə  düşmənin qara  niyyətini məkrli ürəyində qoya bilib. Təəssüf ki, 8 noyabr 2020-ci il tarixində Qubadlıda yaralı yoldaşını çıxararkən ağır yaralanıb. 4 dəfə əməliyyat keçirməsinə baxmayaraq, 21 dekabrda şəhadətə qovuşub.

Zəfər ORUCOĞLU

Azərbaycan  Jurnalistlər Birliyinin  üzvü

Seçilən
25
hurriyyet.az

1Mənbələr