ABŞ prezidenti Donald Tramp martın 4-də Ottavaya idxal rüsumları tətbiq edərsə, Kanada "proporsional şəkildə" cavab verəcək...
Poliqon xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo bildirib.
"Əgər rüsumlar çərşənbə axşamı tətbiq olunarsa, o zaman ötən dəfə olduğu kimi, biz qəti, birmənalı və proporsional cavab verməyə hazırıq", deyə Castin Trüdo bildirib.
Keçən ay Kanadanın Baş naziri Castin Trüdo Kanadanın ABŞ-ın polad və alüminium tariflərinə "sərt cavab" verəcəyini bildirib. O, Ottavanın kanadalı işçiləri və müəssisələri qoruyacağını vurğulayıb.
Fevralın əvvəlində Tramp Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiq edilməsi haqqında sərəncam imzalayıb. CNN bildirib ki, Meksika və Kanada malları Vaşinqton, Mexiko və Ottava arasında bağlanmış razılaşma nəticəsində ABŞ-a faktiki olaraq rüsumsuz idxal edilib, lakin indi iki həmsərhəd ölkə üçün tarif dərəcəsi 25%, Çin üçün isə 10% olacaq. Amerika lideri öz hərəkətlərini Amerika biznesinin maraqlarını qorumaq kimi izah edib.
Kanada və Meksika tezliklə ABŞ mallarına 25 faizlik tariflər tətbiq etməklə cavab verəcəklərini açıqlayıblar. Tramp daha sonra tariflərin tətbiqində 30 günlük gecikmə elan edib. Tərəflər sərhəd mühafizəsini və narkotiklərin qanunsuz dövriyyəsinə nəzarəti gücləndirmək barədə razılığa gəliblər.
Poliqon.info