AZ

İcra proseslərində nağdsız hesablaşmalar məcburi olacaq

Azərbaycanda bəzi qanunlara bir sıra mühüm dəyişikliklər edilir. Dəyişikliklər əsasən icra proseslərinin nağdsız qaydada həyata keçirilməsini və icra xidmətinin fəaliyyətində şəffaflığın artırılmasını nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda öz əksini tapıb.

İcra Məcəlləsində yeni dəyişikliklərə əsasən, icra sənədləri üzrə ödənişlərin nağd qaydada həyata keçirilməsi qadağan edilir. Əgər icra məmuru pul vəsaitlərini nağd qaydada qəbul edərsə və ya borclu və ya tələbkara ödənişləri nağd formada həyata keçirərsə, 500 manatdan 1000 manatadək cərimələnəcək.

İcra məmurlarına yeni tələblər nəzərdə tutulur. Belə ki, dəyişikliklərə görə, icra məmurları icra sənədləri üzrə bütün ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir. Bununla bağlı “İcra məmurları haqqında” qanuna müvafiq əlavələr edilir.

İcra proseslərində elektronlaşdırma gücləndirilir. Belə ki, “İcra haqqında” qanunda edilən dəyişikliklərə əsasən, borcludan tutulan vəsaitlər 1 iş günü ərzində icra xidmətinin depozit hesabına köçürüləcək. Həmçinin tələbkarın icra xidmətinə təqdim etdiyi bank hesabına vəsait 3 iş günü ərzində köçürüləcək. Eyni zamanda, icra xərcləri yalnız nağdsız qaydada ödənilməlidir. İcra məmurlarının pul qəbul etməsi qadağan edilir və bütün ödənişlər icra xidmətinin depozit hesabı vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, icra xidmətinin depozit hesabından çıxışlar yalnız müvafiq icra işinin qeydiyyat nömrəsi ilə mümkün olacaq, vəsaitin nağdlaşdırılması ilə bağlı xərcləri isə tələbkar özü qarşılayacaq.

“İpoteka haqqında” və “Nağdsız Hesablaşmalar Haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, icra prosesində nağdsız ödənişlərin tətbiqinin genişləndirilməsi məqsədilə “İpoteka haqqında” qanunda “orqan” və “məmur” terminləri “xidmət” anlayışı ilə əvəz edilir. Bu, icra prosesində daha şəffaf və nəzarət edilə bilən bir sistemin qurulmasına xidmət edir. Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” qanuna edilən düzəlişlərlə “İcra haqqında” qanun da nağdsız hesablaşmaların məcburi tətbiq edildiyi qanunlar sırasına daxil edilib.

Bu dəyişikliklər icra proseslərinin rəqəmsallaşmasını və şəffaflığını artırmaq, korrupsiya və sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır.

Layihə Milli Məclisin plenar iclasında müzakirə olunacaq və təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Seçilən
33
2
ikisahil.az

3Mənbələr