AZ

Böyük Britaniyada “TikTok” platforması ilə bağlı araşdırma başlayıb

London, 3 mart, AZƏRTAC

Böyük Britaniyanın Məlumat Komissarlığı Ofisi (ICO) “TikTok”, “Reddit” və onlayn şəkil paylaşım platforması “Imgur”un uşaqların məxfiliyini necə qoruduğunu araşdırmaq üçün təhqiqat başladıb.

AZƏRTAC “Reuters”a istinadla xəbər verir ki, sosial media şirkətləri istifadəçiləri platformada saxlamaq üçün mürəkkəb alqoritmlərdən istifadə edirlər. Bununla belə, oxşar məzmunları artırmaq imkanına malik olan bu sistemlər uşaqların getdikcə daha çox zərərli materiallara məruz qalmasına səbəb ola bilər.

Məlumat Komissarlığı bildirib ki, araşdırma çərçivəsində “TikTok”un 13-17 yaşlı istifadəçilərin şəxsi məlumatlarından onların lentində hansı məzmunların göstəriləcəyini müəyyən etmək üçün necə istifadə etdiyi yoxlanılır.

Böyük Britaniya əvvəllər sosial media platformaları üçün daha sərt qaydalar tətbiq edib. Bu qaydalara əsasən, platformalar uşaqların zərərli və yaşa uyğun olmayan məzmuna girişini məhdudlaşdırmalı, yaş məhdudiyyətlərini ciddi şəkildə icra etməlidirlər.

Ötən il Britaniyada qəbul edilən qanun layihəsi çərçivəsində “Facebook”, “Instagram” və “TikTok” kimi sosial media platformalarına alqoritmlərini tənzimləmək və zərərli materialları süzgəcdən keçirmək tapşırılıb.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
21
azertag.az

1Mənbələr