AZ

Azərbaycanda keyfiyyətə nəzarət sistemi rəqəmsallaşdırılır və hüquqi baza təkmilləşdirilir

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycanda keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın təmin edilməsi məqsədilə mühüm qanunvericilik islahatları həyata keçirilir. Hazırda müvafiq sahədə vahid elektron informasiya sisteminin yaradılması ilə bağlı qanunvericiliyə dörd dəyişiklik layihəsi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin martın 3-də keçirilən iclasında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, qanun layihəsinin əsas məqsədi keyfiyyət infrastrukturu sahəsində prosedurların optimallaşdırılması, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətlərin təkmilləşdirilməsi, xidmətlərin şəffaflığının artırılması və dövlət orqanları, sahibkarlıq subyektləri və istehlakçılar üçün informasiya əlçatanlığının təmin edilməsidir. “Bu islahatların həyata keçirilməsi Azərbaycan Respublikasının 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1.1.21.3-cü yarımbəndinə əsaslanır. Həmçinin Azərbaycan Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın 8.6.1-ci yarımbəndində texniki tənzimləmə və standartlaşdırma üzrə vahid elektron informasiya sisteminin yaradılması nəzərdə tutulub”, - deyə o əlavə edib.

E.Quliyev bildirib ki, yeni qanun layihəsinə əsasən, keyfiyyət infrastrukturuna dair hüquq müəyyənedici sənədlərin – sertifikatların, şəhadətnamələrin, bildirişlərin və digər müvafiq sənədlərin vahid elektron platformada qeydiyyatı və reyestri aparılacaq. Bu yanaşma sənədlərin dəqiqliyini təmin edəcək, malların təhlükəsizliyini artıracaq və bu sahədə mövcud pərakəndəliyi aradan qaldıracaq. Hazırda sözügedən vahid elektron informasiya sistemi – e-keyfiyyet.gov.az – istifadəyə verilib. Bu sistem vasitəsilə dövlət qurumları, sahibkarlar və vətəndaşlar keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini daha asan və şəffaf şəkildə izləyə biləcəklər. Bundan əlavə, qanunvericilikdə yeni anlayışların əlavə edilməsi, bəzi anlayışların dəqiqləşdirilməsi və müvafiq qanunların normativ uyğunluğunun təmin olunması istiqamətində işlər görülməkdədir. Bu islahatlar ölkənin keyfiyyətə nəzarət sahəsində beynəlxalq tələblərə uyğunlaşmasını və rəqəmsal inkişafını sürətləndirəcək.

Seçilən
36
azertag.az

1Mənbələr