AZ

XALQIN QƏHRƏMAN OĞLU - ​​​​​​​Tofiq Əmirlinin qəhrəmanlıq salnaməsi

Tofiq Şəmsəddin oğlu Əmirli cəmi 28 il bu həyatda yaşadı. Amma öz Vətəni, xalqı üçün olduqca  gərəkli işlər gördü. 44 günlük haqq savaşımızda digər igidlərimizi kimi, canı bahasına 30 il əsir düşən Qarabağımızı azad edən qəhrəman şanlı tariximizə düşdü. Ömür payını Vətənin azad günlərinə, gələcək nəsillərin xoşbəxtliyinə verən Tofiq qalxdığı  qeyrət,  hünər, şərəf zirvəsindən daha möhtəşəm görünür. Necə deyərlər, müqəddəsliyinə tapındığı doğma Azərbaycanla döyünən ürəyi indi milyonların qəlbində vurur...

Bu gün adını böyük iftixarla çəkdiyimiz unudulmaz qəhrəman Tofiq  Əmirli  Cəlilabad rayonu, Göytəpə şəhərində boya-başa çatıb. 1998-2009-cu illərdə Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbində təhsil alıb.  Məktəbdə oxuduğu zaman  Vətəninə, xalqına fayda vermək onun həyat amalına dönüb. Qəlb dünyası sevdalı olduğuna görə müəllimlərin, sinif yoldaşları  tərəfindən sevilib. Şagirdlik  həyatı başa çatanda el-obada  onun  Vətən üçün layiqli övlad  olmasına inanıblar.

Yağı düşmənin Qarabağ torpaqların işğalına qarşı barışmaz mövqe tutan  Tofiq Əmirlinin əsgərliyi Naxçıvan sərhəd diviziyasında  keçib.  Vətən torpaqlarını qorumaq bacarığı, haqq naminə yüksək  döyüş ruhu, vicdanlı, qeyrətli olması  ona həmişə ehtiram qazandırıb.

Vətənpərvər gəncin  sərhədçi peşəsinə olan marağı onu 2014-cü ildən yenidən Dövlət Sərhəd Xidməti sıralarına qaytarıb. Təlim kurslarını uğurla başa vurandan   sonra  04.05.2018-ci il tarixədək Çevik Hərəkət Briqadasında manqa komandiri, kəşfiyyatçı vəzifələrində çalışıb. Xüsusi peşəkarlıq  göstərərək  böyük hörmət sahibi olub.

Eləcə  də, işgüzar keyfiyyətlərinə görə, Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə seçilib, zəhmətsevərliyi və intizamı sayəsində qısa müddət ərzində əməliyyatçı-snayper kimi formalaşıb.  Bütün bunlarla bərabər  Vətəni canından əziz bilən Tofiqin qəlbində erməni dığalardan intiqam, qisas almaq alovu bir an belə azalmayıb.   

30 ilə yaxın erməni əsarətində qala Qarabağın azadlığı naminə başlanan Vətən müharibəsinin birinci  günü Tofiq Əmirli  Füzuli rayonunda döyüşə girib.

Onun bacarığı və qorxmazlığı, yüksək döyüş  məharəti  ilk zəfərimizə səbəb olub. Cəbrayılda və Qubadlıda ağır müharibə meydanında göstərdiyi   rəşadət

yeni-yeni qələbələrə yol açıb. Oktyabrın 13-də Cəbrayılın Minək kəndi uğrunda gedən savaşda yağıya  qan qusdurub. Həmçinin  səngərdə susuz qalan əsgər yoldaşlarına 500 metr uzaqdan təhlükəli olsa da, su gətirib. Döyüş vaxtı Tofiq və digər hərbçi yoldaşı silahlarını dolduran zaman ikisinin arasına mərmi düşüb. Hərbçi yoldaşı  ağır yaralanıb. Tofiq isə şəhid olub.  

Gizir Tofiq Əmirli  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, Cəbrayılın, Xocavəndin azadlığına görə medalları ilə təltif olunub.

Yazımı  zəfər şəhidimiz Tofiqın atası Şəmsəddin kişinin ürək göynədən fikirləri ilə tamamlayıram. O, deyir:  “Mən artıq gecə yuxuda görmüşdüm ki, Tofiq şəhid olub. Amma özümü inandırmağa çalışırdım ki, ona heç nə olmayıb. Çünki anası da narahat idi, istəmirdim o da  bilsin. Yuxuda gördüm ki, evimizə hücum ediblər, amma silah aşağı mərtəbədədir. Anasını yuxudan oyadırdım ki, silahın yerini desin, çünki düşmən yaxınlaşırdı. Elə oldu ki, oktyabrın 13-də Tofiqin şəhid xəbəri gəldi. Oktyabrın 14-də isə onu böyük izdihamla dəfn etdik. Tofiq həmişə deyirdi ki, “şəhid olmaqdan qorxmuram, amma qorxuram ki, anam dözməyə”. Belə də oldu. Tofiqdən sonra anası da dünyasını dəyişdi”.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyini  üzvü

Seçilən
17
hurriyyet.az

1Mənbələr