AZ

Uşaq istismarına qarşı ilk AI əməliyyatı keçirilib

BAKI, TurkicWorld

Europol süni intellektlə hazırlanmış uşaqlara qarşı zorakılıq materiallarına qarşı qlobal əməliyyat çərçivəsində 25 nəfərin saxlanıldığını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Danimarka hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə həyata keçirilən “Cumberland əməliyyatı” süni intellekt vasitəsilə uşaq istismarı görüntülərinin hazırlanması və yayılması ilə bağlı dünyada ilk genişmiqyaslı müdaxilələrdən biri kimi qeydə alınıb.Europol hadisənin texniki cəhətdən son dərəcə mürəkkəb olduğunu və istintaq prosesini çətinləşdirdiyini bildirib.

Əməliyyat Avropanın bir çox ölkəsi, həmçinin Avstraliya və Yeni Zelandiya daxil olmaqla, ümumilikdə 19 ölkədə həyata keçirilib. İstintaq 2024-cü ilin noyabrında Danimarkada bir şübhəlinin həbsi ilə başlayıb. Europolun məlumatına görə, həmin şəxs süni intellektdən istifadə edərək uşaq istismarı məzmunu hazırlayıb və idarə etdiyi onlayn platforma vasitəsilə yayıb. İstifadəçilər ödəniş etməklə bu məzmunlara daxil ola bilirdilər.

İstintaq çərçivəsində 273 şübhəlinin şəxsiyyəti müəyyən edilib və qarşıdakı həftələrdə yeni həbslərin ola biləcəyi bildirilib. Saxlanılan şəxslərin tamamilə süni intellekt tərəfindən yaradılan uşaq istismarı görüntülərini paylaşan cinayət təşkilatının üzvləri olduğu qeyd olunub.

Europol direktoru Catherine De Bolle süni intellekt vasitəsilə hazırlanan bu cür məzmunun pis niyyətli insanlar tərəfindən asanlıqla yaradıla biləcəyini vurğulayaraq, "Bu vəziyyət uşaq istismarı materiallarının artmasına səbəb olur və cinayətkarların müəyyən edilməsini çətinləşdirir," - deyə bildirib.

Tədqiqatçılar bildiriblər ki, Cumberland əməliyyatı çərçivəsində araşdırılan məzmun tamamilə süni intellekt vasitəsilə yaradılıb və real qurbanlar mövcud deyil. Lakin Europol bu cür materialların uşaqların obyektivləşdirilməsinə və cinsi istismarın normallaşmasına töhfə verdiyini qeyd edib.

Europol süni intellektin qeyri-qanuni məqsədlər üçün istifadəsinin hüquqi və etik nəticələrinə diqqət çəkmək üçün onlayn maarifləndirmə kampaniyası başladacağını elan edib. Kampaniya çərçivəsində texnologiyadan sui-istifadənin potensial təhlükələri və hüquqi məsuliyyətlər barədə ictimaiyyətə məlumat veriləcək.

Seçilən
19
turkic.world

1Mənbələr