AZ

İtaliyalı kino ulduzu və rejissor Eleonora Giorgi vəfat edib

Roma, 3 mart, AZƏRTAC

İtaliyalı məşhur kinorejissor, aktrisa, ssenarist və film prodüseri Eleonora Giorgi 71 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, 70-80-ci illər kinosunun məşhur simalarından olan Eleonora Giorgi mədəaltı vəzi xərçəngindən vəfat edib. O, vəziyyəti pisləşdikdən sonra Romadakı “Paideiada” xəstəxanasına yerləşdirilmişdi.

Eleonora Giorgi ilk dəfə böyük ekranda 1971-ci ildə “Tarantulanın qara qarnı” filmində epizodik Made rolunda görünüb. İlk baş rolunu Salvatore Samperinin rejissoru olduğu “The Misfit” filmindəki Mariuccia obrazı ilə yaradıb. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanıb. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış edib.

2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı “Kişilər və qadınlar, həqiqət və yalan” filminin rejissoru, ssenari müəllifi və prodüseri, 2008-ci ildə çəkilən “Son yay” komediyasının rejissoru olub. O, radioda fəaliyyət göstərib, televiziya şoularında iştirak edib və teleseriallara çəkilib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
52
1
azertag.az

2Mənbələr