AZ

“Təbii ki, belə bir durumda İranda sosial durumla bağlı etirazlar kütləviləşə bilər...”

Yazını böyüt
Yazını kiçilt

“Bilirsiz, indi artıq elə bir dövrdür ki, dünyanın istənilən nöqtəsində baş verən hadisəni internet vasitəsilə tapmaq, oxumaq öyrənmək olur. İran əhalisi də öz dövlətlərinin apardığı siyasəti də, onun nəticələrini də, o cümlədən onun “Hizbullah” kimi bəlkə milyardlarla xərc çəkdiyi proksilərinin başına gələnləri də yaxşı bilir. Bu yandan da özünün bugünkü real dolanışığına baxır və istər-istəməz aşağı və orta təbəqəyə mənsub hər bir vətəndaşda etiraz hissi baş qaldırır. Digər yandan ölkədə qış vaxtında, bu soyuqda-şaxtada yanacaq-filan çatışmır, o biri yandan da İran pulu  günü-gündən “ölür”, hər şey bahalaşır. İnsanlar nəinki ət, yağ, digər adi gündəlik ərzaqlarını belə, almaqda çətinlik çəkirlər”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov “Fevral ayında İranın bəzi şəhərlərində ağır sosial durumla bağlı etirazlar keçirilib, həmin etirazlar yenə də genişlənib bütün ölkəni bürüyə bilərmi?” sualını cavablandırarkən söyləyib.

“Mən diplomatik işlərimlə əlaqədar 1970-ci illərdən bəri: şah dövründə də, İslam inqilabının yeni baş verdiyi illərdə və 1990-cı illər, eləcə də 2000-ci illərin ortalarınadək İranda yaşamışam. Və bu gün müxtəlif dövrlərin ərzaq, yancaq, geyim və s. qiymətlərini indiki ilə müqayisə edəndə dəhşətə gəlirəm. Hazırkı qiymətlər ağlasığmazdır. Təsəvvür edin ki, hazırda İranda 94 min tümən bir dollardır. Amma bir dəfə də dediyim kimi, məsələn, 1998-ci ildə ölkədə normal bir iqtisadiyyatın olduğu vaxtda 1 dollar verib minik avtomobilinin benzin çənini tam doldurmaq olurdu. Yadımdadır ki, o vaxt İrandakı səfirliyimizin sürücüsündən soruşanda bunu mənə təsdiqləmişdi... Amma bu gün... Belə bir vəziyyətdə də insanlar gözləyir-gözləyir və nəhayət, bir gün bıçaq sümüyə dirənəndə küçəyə çıxıb etirazlarını bildirməyə başlayır”,- deyə davamında diplomat bildirib.

“İnsan hər şeyə dözür, amma haqq-ədalət olmayanda dözə bilmir. Və bu yalnız İrana aid deyil, bütün dünya ölkələrinə aiddir -dövlət öncə insanların normal dolanışığı üçün çalışmalıdır. Dövlət buna diqqət etməyəndə təbii ki, vətəndaşlar etiraz aksiyalarına əl atacaq. Bu gün də İranda, dediyiniz kimi, ayrı-ayrı şəhərlərdə etirazlar baş qaldırır və təbii ki, dövlət iqtisadi durumun yaxşılaşması, ərzağın ucuzlaşması, maaş və pensiyaların artırılması, işığın, yanacağın normal olması və s. üçün heç bir tədbir görməyəcəyi halda həmin etirazlar kütləviləşərək bütün ölkəni bürüyəcək... 

Bütün bu problemləri həll etmək üçün İran dövlətinə 5-10 milyard yox, azı 100-150 milyard pul gərəkdir. Ancaq bu gün dövlətin öz xəzinəsində elə bir imkan yoxdur. Xarici investorlar dəvət etməyə də şərait yoxdur. Çünki ölkənin Qərbin, ABŞ-nin sanksiyaları, İsrailin hərbi hücum hədələri altında olduğu bir durumda heç bir sahibkar, iş adamı oraya sərmayə yatırmaz. Odur ki, qonşumuz İran dövləti hazırda çıxılmaz bir durumdadır. Ancaq dövlət başındakıların bizə qarşı çox vaxt qeyri-səmimi olmalarına rəğmən biz əhalisinin yarıdan çoxu soydaşlarımız – Azərbaycan türkləri olan o dövlətin tezliklə bu çətin durumdan çıxmasını arzulayırıq.  Həm də ona görə ki, İranda nə qədər sülh, əmin-amanlıq olsa, Azərbaycan üçün də yaxşı olar”, -deyə diplomat vurğulayıb.

Seçilən
24
hafta.az

1Mənbələr