“Bu gün Azərbaycan hakimiyyətinin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin içərisində həm də ölkədə siyasi dialoqun təmin edilməsi istiqamətində çox əhəmiyyətli addımların atılması var”.
Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, iqtidar kimliyindən və əqidəsindən asılı olmayaraq, bütün siyasi partiyalara əməkdaşlıq təklif edir:
“Hətta Prezident Administrasiyasında xüsusi şöbə yaradılıb. Bu şöbənin də siyasi partiyalar və təşkilatlarla sıx əlaqə yaratması çox əhəmiyyətli məsələdir. Bu, ondan xəbər verir ki, Azərbaycan hakimiyyəti birinci növbədə ölkənin, xalqın taleyüklü məsələlərinin həllində digər siyasi partiyaların fikirlərini və ictimai rəyi nəzərə alaraq addımlar atır. Bu, tam demokratik cəmiyyətə xas olan vacib amildir. Azərbaycan bu sahədə də böyük bir uğura imza atıb”.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda iqtidarla müxalifət arasında həqiqətən də siyasi dialoq var:
“Xüsusilə də vacib məsələlərin həllində müxalif partiyaların iqtidarla birlik nümayiş etdirməsi çox böyük uğurdur.
Bu, ölkəmizdə siyasi dialoqun və siyasi sabitliyin möhkəmləndirilməsi üçün olduqca əhəmiyyətli məqamdır. Harada xalq, ölkə və torpaq üçün əhəmiyyətli məsələ varsa, orada müxalifət-iqtidar birliyinin olması çox vacibdir. Bu gün Azərbaycana qarşı Qərbdən çox böyük bir qərəz kampaniyası həyata keçirilir.
Lakin müxalif partiyaların böyük əksəriyyəti bu kampaniyaya qarşı birlikdə cavab verir və dövlətinin yanında yer alır. Hesab edirəm ki, bütün bunlar cənab Prezident İlham Əliyevin həyata keçirdiyi demokratik siyasətin nəticəsidir”.
Jalə Əliyeva onu da diqqətə çatdırıb ki, ölkəmizdə iqtidarla müxalifət arasındakı görüşlərin davamlı olacağı gözlənilir:
“İqtidarla müxalifət arasında davamlı olaraq görüşlər keçirilir. Bundan sonra da proses davam edəcək. Hər bir partiya dövlətin sabitliyi üçün görüşlərdə iştirak edir. Bir dövlətdə sabitlik və iqtidarla xalq arasında tarazlıq olarsa, digər istiqamətlər də sürətlə inkişaf edə bilər. Bütün sahələrin inkişafı siyasi dialoqu labüd edir. Düşünürəm ki, müəyyən ölçüdə buna nail olmuşuq. Bu gün Azərbaycan parlamentində çox sayda müxalif partiya təmsil olunur. Hətta parlamentin də rəhbərliyində müxalif partiyanın nümayəndəsi vitse-spikerdir.
Eyni zamanda, komitə sədri və müavinlər arasında müxalifət partiyalarının nümayəndələri var. bunlar çox əhəmiyyətli məsələ, qüvvələr balansını və siyasi plüralizmi bariz şəkildə ortaya qoyan nüanslardır”.