AZ

Rumıniyalı dövlət katibi: Azərbaycandakı multikulturalizm, tolerantlıq təcrübəsinin öyrənilməsi zəruridir

Azərbaycan və Rumıniya xalqlarının paylaşıla biləcək ortaq dəyərləri var, Azərbaycandakı multikulturalizm, tolerantlıq təcrübəsinin öyrənilməsi zəruridir.

"Report" xəbər verir ki, bunu Rumıniyanın Dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniçi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə deyib.

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə görüşdə Ç.V.Oliniçi qarşılıqlı səfərlərin iki ölkə arasında dini sahədə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq imkanları və istiqamətləri barədə müzakirələr aparmaq baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycandakı dövlət-din münasibətləri və multikultural mühit, dinə dövlət qayğısı barədə məlumat verən Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi və tolerant dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verildiyini, müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərildiyini bildirib.

O, Azərbaycanda tarixən müxtəlif konfessiyaların nümayəndələrinin vahid bir ailə kimi mehriban şəraitdə yaşadıqlarını, dövlətin bu ənənələri daha da inkişaf etdirmək məqsədilə mühüm layihələr həyata keçirdiyini qeyd edib. Azərbaycanda dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən də danışan komitə sədri Azərbaycanın təşəbbüsü və iştirakı ilə keçirilən tədbirlərin beynəlxalq səviyyədə tolerantlığın möhkəmlənməsinə böyük təkan verdiyini söyləyib.

Baş direktor Florin Frunza, müavini Sezar Pavalaşcunun da iştirak etdiyi görüşdə dini sahədə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, müvafiq sahə üzrə müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Seçilən
28
report.az

1Mənbələr