AZ

Azərbaycan Universiteti yeni elmi jurnal təsis edib

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Universitetinin Elmi şurasının qərarı ilə yeni “Paradigma” elmi jurnalı təsis edilib. Jurnal magistrant və doktorantlar üçün nəzərdə tutulub. Jurnalın məqsədi gənc tədqiqatçılara öz nəticələrini elmi ictimaiyyətə təqdim etmək üçün platforma təklif etməkdir. Jurnal multidissiplinardır, bir çox elm sahələrini əhatə edir və ildə dörd dəfə çap olunacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bununla da universitetin elmi jurnallarının sayı 3-ə çatıb.

1997-ci ildən nəşr olunan “İpək yolu” jurnalı (ISSN 1810-911X) maliyyə və iqtisadiyyat sahəsində aparılan elmi-tədqiqat işlərinin nəticələrini özündə əks etdirən, ciddi rəyləşdirilmiş məqalələri dərc edən elmi jurnaldır. Prezident yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil olan jurnal “Index Copernicus”, “Erih PLUS”, “E-library” (РИНЦ) kimi indeksləmə bazalarına da daxil edilib.

2023-cü ildə təsis olunan “Social Issues” jurnalı isə sosial elmlər üzrə nəzəriyyələr, metodlar və onların tətbiqlərinə həsr olunmuş, rəyləşdirilən açıq elmi jurnaldır. Jurnal sosiologiya, mədəni antropologiya, etnoqrafiya, sosial coğrafiya, mədəniyyətşünaslıq, sosial siyasət, sosiolinqvistika və sosial tarix, gender tədqiqatları daxil olmaqla sosial elmlərin müxtəlif istiqamətləri üzrə, o cümlədən sosial iş və sosial iş təhsili məsələlərinə həsr edilmiş məqalələri də qəbul edir.

 

Seçilən
22
3
azertag.az

4Mənbələr