AZ

Kəmalə Günəşlinin bu sözləri aranı qatdı – Dövlət hərəkətə keçə bilər

Məşhur müğənni Kəmalə Günəşlinin aylıq qazancı müzakirə obyektinə çevrilib. Belə ki, ifaçı ATV-də yayımlanan “Rəngarəng” verilişində bəzi aylarda təxminən 70-80 min manat qazandığını bildirib.

Sitat: “Bəzən xarici ölkələrə də gedirəm, o zaman məbləğ təxminən qeyd etdiyim civarda olur. Amma getməsəm, daha aşağı olur. O qazancın hamısı mənə qalmır, reklama çox pul yatırıram. Geyimə, salonlara, saç-makyaja, evə, kliplərə, mahnılara çox pul xərcləyirəm”.

Zaman-zaman Azərbaycanda sənətçilər, aparıcılar oxşar açıqlamalarla gündəmə gəlirlər. Məsələnin qaranlıq tərəfi isə əldə edilən gəlirlərdən vergi tutulmasıdır. Bildirilir ki, ölkədə əksər müğənnilər əsl qazanclarını gizlədir və dövlətin qaydalarından yayına bilirlər. Xüsusilə bu, xaricdə toy və ya oxşar məclislərə gedənlərə aiddir.

Dövlət həmin şəxslərin gəlirlərinə necə nəzarət edir? Ayda minlərlə manat qazanan müğənni nə qədər vergi ödəyir?

İqtisadçı Əkrəm Həsənov deyib ki, müğənnilər vergi ödəməlidirlər:

“İstənilən ifaçı 2500 manata qədər olan gəlirindən 14 faiz, 2500-dən yuxarı gəlirdən isə 25 faiz vergi ödəməlidir. Dövlət Vergi Xidməti də ondan bu faizi tutmalıdır. Amma bilirik ki, bu şəxslərin qazancları qeyri-rəsmidir. Həmin vəsait bank hesablarına köçürülmür, qəbz də verilmir. Bu isə ciddi qanun pozuntusudur”.

İqtisadçı bildirib ki, vergi ödəməyən müğənnilər aşkarlanmalıdır:

“Aidiyyəti orqanlar bunu ya müəyyən edə bilmirlər ya da etmək istəmirlər. Məsələ nəzarətə götürülsə, hər şey aydın olar. Bəlkə həmin ifaçı vergisini ödəyir, lakin məlumatsızıq. Amma ödəniş edilmirsə, Dövlət Vergi Xidməti hərəkətə keçməli, sözügedən şəxslərdən vergi alınmalıdır”.

Zaira Akifqızı

Mənbə: globalinfo.az

Seçilən
57
globalinfo.az

1Mənbələr