“Tarixi Zəfər nəticəsində əldə etdiyimiz yeni dövrün reallıqları həm Böyük Qayıdışın başlanmasını sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır”
İlham ƏLİYEV
Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir.
Azərbaycan işğaldan azad edilmiş ərazilərə doğma sakinlərinin qayıdışı ilə bağlı böyük addımlar atır. Məhz bu istiqamətdə görülən işlərin nəticəsidir ki, 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarında, evlərində yenidən işıqlarını yandırır. Bu insanların sevincinin həddi-hüdudu yoxdur.
Bu qayıdışın təməli 2016-cı ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusunun qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərkən qoyuldu. Həmin tarixdə qüdrətli Azərbaycan Ordusu şanlı Zəfər səhifəsini yazmaqla düşmənə böyük sarsıdıcı zərbəni vurdu. Aprel döyüşləri öz tarixi əhəmiyyəti ilə hərb səhifəmizdə yerini aldı. Həmin vaxtdan başlayaraq, Böyük Qayıdış prosesinin təməli qoyuldu. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.
Bu zəfərdən sonra ilk olaraq 50 mənzil və 100 yerlik məktəb binnası tikildi, müvafiq infrastruktur yaradıldı. Məhz Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı, Horadiz və digər yaşayış məntəqələrimizin təhlükəsizliyi təmin olundu.
Qüdrətli Azərbaycan Ordusu Aprel döyüşləri ilə illərlə həsrətində olduğumuz Qələbə sevincini bizlərə yaşatdı. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, qələbə əzminin yüksək olduğunu düşmənə nümayiş etdirdi. Bununla Azərbaycan dövlətinin gücü, xalqının birliyini, vətənpərvərliyini, heç bir zaman işğalla barışmayacağını göstərmiş oldu. Həmçinin öz ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu hər kəsə bəyan etdi.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qəhrəman oğullarımızın apardıqları rəşadətli döyüş nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri öz əksini tapıb.
İki ildən çoxdur ki, dövlətimiz öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırmaqdadır. Yeni yolların, körpülərin, tunellərin, sosial-iqtisadi obyektlərin, yaşayış yerləri və müxtəlif digər infrastrukturların inşasının sürətlə davam etdiyinin şahidiyik.
44 günlük Vətən müharibəsi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində 30 illik işğal altında qalan torpaqlarını gei qaytaran Azərbaycan bu gün Qarabağda dünyanı heyrətə salan böyük quruculuq işlərini həyata keçirməklə öz qüdrətini dünyaya bəyan etmiş olur. İşğaldan azad olunan ərazilərdə yaradılan möhtəşəm infrastruktur buraya səfər edən xarici nümayəndə heyətlərinin diqqətini daha çox cəlb edir. Təsadüfi deyildir ki, Şuşada, Xankəndidə və digər azad olunmuş, yenidən dirçəldilən şəhərlərimizdə keçirilən beynəlxalq tədbirlər həm də bu bölgələrdəki inkişafın təzahürüdür.
Bəli, Azərbaycanın igid oğulları sayəsində biz Vətən Müharibəsində Zəfərə gedən yolu 44 günə qət etdik. Bu yol hər birimiz üçün çox ağır keçdi. Lakin bu ağırlıq, bu çətinlik bizi sındırmadı. Əksinə vətənpərvər oğullarımız sayəsində günbəgün doğma torpaqlarımıza qovuşmağımız üçün bizi daha da möhkəmləndirdi. Bu yolda çox qanlar töküldü, minlərlə qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucaldı. Neçə-neçə igid oğullarımız öz sağlamlıqlarını itirdi. Amma bu yol bizi bir an da olsun qorxutmadı. Addım-addım bizi möhtəşəm Qələbəyə aparan bu yol xalqımızı əqidəsindən döndərə bilmədi. Xalqımız bir yumruq altında birləşib vətənpərvər oğullarına dayaq oldu. Azərbaycan əsgəri bu birlikdən daha da güc alıb öz torpaqlarını düşmənlərdən azad etməyi bacardı. Azərbaycan xalqı əldə silah şərəflə bu yolu addımlayan qeyrətli oğullarının ona qovuşdurduğu bu yolu sevinclə qarşıladı. Çünki bu yol hər bir Azərbaycan vətəndaşını eyni amalla birləşdirən ZƏFƏR yolu idi. Bu yol bizi 30 ilin həsrətinə qovuşduracaq sevinc yolu idi. Azərbaycan xalqı illərlə bu yolun həsrətində olub. Bir gün bu həsrətin bitəcəyinə də inamını itirməyib. Bu inamı isə xalqımızda Ulu Öndərin qətiyyətlə söylədiyi sözləri yaratmışdı. Onun əminliklə dediyi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun” fikirləri hər birimizin qəlbində qələbəyə olan inamı daha da yüksəltmişdi.
Bu inam 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində özünü doğrultdu. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımız qəhrəman oğullarımızın apardıqları rəşadətli döyüşlər nəticəsində işğaldan azad edildi.
Bu gün cənab Prezident söz verdiyi kimi, doğma Qarabağımız yenidən bərpa olunaraq cənnətə çevrilir. Dörd il bundan öncə gördüyümüz mənzərə bizi nə qədər sarsıtmışdısa, bu gün Qarabağımızda aparılan bərpa-quruculuq işləri bizi daha da sevindirir. Hər dəfə öz sakinlərini qarşılayan yurd yerlərimiz işıqlandıqca ovqatımızı daha da ruhlandırır. Cənab Prezidentin hər səfərində açılışını etdiyi və ya təməlini qoyduğu obyektləri gördükdə hər birimizdə sevinc hissini daha da alovlandırır.
Bu günlərdə xalqımıza qarşı nifrət, düşmənçilik və milli barışmazlığı dövlət siyasətinə çevirmiş Ermənistanın silahlı bandalarının 33 il əvvəl yer üzündən sildiyi Xocalı və rayonun Ballıca kəndi soyqırımının ildönümünü düşməndən alınmış intiqam və qayıdış təntənəsi ilə qarşıladı. Qarlı-şaxtalı bir qış günündə öz doğma ata-baba yurdunda dəhşətli faciələr yaşamış Xocalı sakinləri 33 ildən sonra yenidən şaxtalı bir qış günündə öz ocaqlarının işığında isindilər. Bu dəfə böyük qürur hissilə doğma yurdunda sevinc göz yaşlarına qərq oldular. Beləcə ölkəmizin müxtəlif şəhər və rayonlarında məskunlaşmış məcburi köçkünlərdən ibarət növbəti köç karvanı qarlı-şaxtalı qış günündə işğaldan azad edilmiş Xocalı rayonunun Ballıca kəndinə yenidən sevinc, toy-bayram qaynarlığı gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qazandığı möhtəşəm Zəfər nəticəsində Xocalı rayonuna növbəti qayıdış soyqırımı yaralarına məlhəm olan daha bir təntənə ilə qeyd edildi.
Cənab Prezident bu günlərdə Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb. Onları doğma yurda qayıdışları münasibətilə təbrik edib. Öz doğma ata-baba yurdunu həsrətlə gözləyən sakinlərə burada hər bir şəraitin yaradıldığını bildirib: “Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Öz torpaqlarına qayıdan keçmiş köçkünlərlə çoxsaylı görüşlər əsnasında həmişə gənclərdən soruşuram ki, siz darıxmırsınız burada? Deyirlər, yox, darıxmırıq. Çünki doğma Vətən, doğma torpaq bizi çəkir və bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir”.
Qarabağ Zəfəri həm də ədalətin zəfəri, haqqın təntənəsi idi. Bu Qələbə bizim haqqımız idi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Elnurə İSAXAN