AZ

"Palçıqlı ayaqqabılarla marşruta minməkdən bezmişik" - AÇIQLAMA - FOTO - VİDEO

Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolundakı vəziyyət sakinlərin hərəkətini müşkülə çevirib.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub.

Qeyd olunub ki, Hövsan yolundakı 84-cü küçənin vəziyyəti acınacaqlı vəziyyətdədir. Yağıntılı havalarda bu küçə ilə hərəkət etmək mümkün deyil:

"Nə uşaqları rahat məktəbə aparıb-gətirə bilirik, nə də özümüz hərəkət edə bilirik. Palçıqlı ayaqqabılarla marşruta minməkdən bezmişik. Taksi gəlmir, maşın gəlmir. Yağış, qar yağanda bilmirik ki, yolu necə gedib başa çıxaq. Qalmışıq belə çıxılmaz durumda. Dəfələrlə həm icra hakimiyyətinə, həm də bələdiyyə nümayəndələrinə müraciət etsək də, baxan yoxdur", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, asfaltsız küçələrin təmiri ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktubla müraciət ünvanlanıb.

"Qeyd edək ki, asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlərin görülməsi müvafiq dövlət proqramlarına əsasən, planauyğun ardıcıllıqla aidiyyəti icraçı təşkilat tərəfindən yerinə yetiriləcəkdir", - deyə açıqlamada bildirilir.

İcra Hakimiyyətinin cavabına əsasən sorğumuzu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ünvanladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu məsələnin təmsil etdiyi quruma aid olmadığını bildirdi:

"Qəsəbədaxili küçə və yollar agentliyin balansında deyil", - deyə A.Nəcəfli vurğulayıb.

Seçilən
14
avtosfer.az

1Mənbələr