AZ

​London Sammiti: Ukrayna üçün təhlükəsizlik zəmanətinin olmadığı, boş vədlərin kölgəsində qalan reallıq - TƏHLIL

Avropanın təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində müzakirələr aparmaq məqsədilə martın 2-də Londonda təşkil olunan Sammitdən böyük gözləntilər vardı. Böyük Britaniyanın Baş naziri Kir Starmerin ev sahibliyi etdiyi Sammitdə 18 ölkənin liderləri, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenski və NATO rəsmiləri iştirak edirdi. ​

Lakin ABŞ Prezidenti Donald Trampla Oval Ofisdə baş tutmuş görüşdən “əliboş” qayıdan Zelenskinin London Sammitində iştirak etməsinə baxmayaraq, burada da Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsindən söz açılmadı.

UK,

Təhlükəsizlik zəmanəti

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Ukrayna Prezidenti Volodimir Zelenskini son dərəcə mehriban qarşılasa da, real və konkret təhlükəsizlik zəmanəti ilə bağlı hər hansı addım atılmadı. Sadəcə, kritik infrastrukturun qorunması və gələcək sülhün təmin edilməsi məqsədilə Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində 5 000-dən çox hava müdafiə raketi təmin etmək üçün maliyyə ayırmaq qərarı alındı.

Britaniya lideri mənəvi və siyasi cəhətdən Ukraynanın yanında olduğunu bildirdi, Ukraynanın əhəmiyyətini və Britaniyanın dəstəyini vurğulayan bəyanatlar səsləndirdi. O, Zelenskini möhkəm lider və Ukrayna xalqının əzminin simvolu kimi təqdim etdi, lakin təhlükəsizlik zəmanəti məsələsinə gəlincə, ABŞ-nin razılığı olmadan yekun söz deməkdən çəkindi.

Avropanın Ukraynanın müdafiəsi üçün əməli addımlar atmamasının yalnız Ukraynanın deyil, bütövlükdə qoca qitənin təhlükəsizliyini riskə atdığını düşünənlərin sayı isə günbəgün artmaqdadır.

Avropa ABŞ-ni etibarlı tərəfdaş kimi görmür

Aleksandr

Ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko APA-ya açıqlamasında fevralın 28-də Ağ Evdə baş verən qalmaqalın Avropa ölkələri üçün “soyuq duş” effekti yaratdığını bildirib: “Avropa uzun müddət ABŞ-nin etibarlı tərəfdaş olduğu illüziyasında yaşayıb, lakin indi onu etibarlı tərəfdaş kimi görmür. Öz müdafiə qabiliyyətinin, hərbi büdcənin, hərbi sənaye kompleksinə diqqətin artırılmasına ehtiyac duyur. Əlbəttə, bütün bunlar Avropa liderlərinin son bir neçə ay ərzində Donald Trampın andiçmə mərasimindən sonra müşahidə etdiklərinin nəticəsidir. Donald Tramp tərəfdaşlıq siyasəti deyil, təcrid siyasəti yürüdür.

London Sammit göstərdi ki, Avropa artıq bu istiqamətdə düşünməyə başlayır, halbuki reallıqda onlar ən azı 2022-ci ildən, hətta deyərdim 2014-cü ildən - Rusiya qoşunlarının Ukraynaya hibrid hücumundan sonra öz müdafiə imkanları barədə düşünməli idilər. O vaxt bu barədə düşünmədilər, indi isə düşünməyə məcbur qalıblar”.

London Sammiti diqqət çəksə də, Ukrayna münaqişənin həllinə ciddi təsir göstərməyəcək

Marian

Avropa Parlamentində Slovakiyadan olan müşavir, xarici siyasət üzrə ekspert Marian Durisisə APA-ya açıqlamasında London Sammitini Avropa və Ukraynasız keçirilən ABŞ-Rusiya danışıqlarına reaksiya kimi qiymətləndirib.

“Bu, həm də cənab Zelenskinin Ağ Evdə keçirilən görüşünə reaksiyadır. London Sammitinin təşkilatçıları Zelenskinin çəkişməsinin ab-havasını dağıtmağa, onu davamlı dəstək olacağına inandırmağa və başqalarını onların təkliflərinin sözdə davamlı sülh gətirəcəyinə inandırmağa çalışırlar. Bu görüş şübhəsiz ki, böyük diqqət çəkir, amma hesab edirəm münaqişənin həllinə təsiri o qədər də böyük olmayacaq. ABŞ və Rusiya prezidentləri bu gün danışıqlarda “birinci liqa” oynayırlar. London Sammitinin ən nüfuzlu iştirakçıları arasında İtaliyanın Baş naziri Giorgia Meloni və ya Türkiyə naziri Hakan Fidanı qeyd edə bilərəm. Onların ölkələri yaxşı vəziyyətdədir. Birinci halda ABŞ Administrasiyası ilə münasibətlər, ikinci halda artan geosiyasi əhəmiyyət baxımından... Digər iştirakçıların hər kəsin daha böyük masaya qalxmağa ümid etdiyi “ikinci liqa” kimi qəbul edilməsi şansı yüksəkdir”, - deyə o bildirib

Böyük Britaniyanın Baş naziri Kir Starmer London sammitində Ukraynadakı hərbi münaqişənin sülh yolu ilə həlli üçün dörd maddədən ibarət bir plan təqdim etdi. Starmerin planı ABŞ-nin dəstəyini qazanmaq üçün ABŞ Prezidentinə təqdim ediləcək.

Sözügedən plan barədə danışan Marian Duris Starmer deyir ki, Ukraynaya yardım axınının davam etdirilməsi üçün “istəklilər koalisiyası” yaradılacaq: “Starmer Rusiyaya iqtisadi təzyiqin davam etdirilməsi də daxil olmaqla, Ukraynaya dəstək planını açıqlayıb. Onun sözlərinə görə, istənilən uzunmüddətli sülh sazişi Ukraynanın suverenliyini və təhlükəsizliyini təmin etməli və Ukrayna danışıqlar masası arxasında olmalıdır. Razılaşma olacağı təqdirdə, o, Avropanın Rusiyanın gələcək hər hansı hərbi əməliyyatının qarşısını almaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcəyini bildirib. O, həmçinin, deyib ki, Ukraynanın müdafiəsinə kömək etmək üçün “istəklilər koalisiyası” yaradılacaq”.

Aİ Rusiya-Ukrayna münaqişəsinə yanaşmada birlik nümayiş etdirmir

Avropa İttifaqı və NATO ölkələri Ukraynanın suverenliyini dəstəklədiklərini açıq şəkildə bəyan edirlər, praktiki hərbi və təhlükəsizlik təminatları mövzusunda isə ortaq mövqeyə gəlməkdə çətinlik çəkirlər. Bu da Avropanın geosiyasi zəifliyini və koordinasiya problemlərini bir daha üzə çıxarır.

Slovakiyalı ekspert 27 ölkədən ibarət Aİ-nin bu münaqişəyə yanaşmada birlik nümayiş etdirmədiyini qeyd edir.

“Fərqlər, əsasən, ölkələrin hökumətlərinin ideoloji mahiyyətinə və ya ayrı-ayrı ölkələrin müharibəyə yaxınlığı, yaxud uzaqlığı məsələlərində ortaya çıxır. Macarıstan və Slovakiya daha təmkinli və dinc mövqe nümayiş etdirir. Polşa iddia edir ki, münaqişə bölgəsinə sülhməramlı qüvvələr göndərmək istəmir. Başqa fikirlər də var. Görünən budur ki, Avropa İttifaqı ölkələrindən indiki halda vahid mövqe gözləmək olmaz”, - deyə Marian Duris vurğulayıb.

London Sammiti - siyasi teatr səhnəsi

Lithuanian

Obrazlı desək, London Sammiti siyasi teatr səhnəsinə çevrildi. Zalın işıqları yandı, çıxışçılar bir-bir kürsüyə qalxdı, alqışlar eşidildi. Səhnədə inamlı, cəsarətli çıxışlar, pərdə arxasında isə tərəddüdlə dolu susqunluq müşahidə olundu. Avropanın güc nümayişi gözlənilsə də, Ukrayna üçün real təhlükəsizlik zəmanətindən söz belə açılmadı. Bəyanatlar havada qaldı, reallıq isə ağır bir kölgə kimi Ukraynanın üzərinə çökdü.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin isti qarşılaması, cəsarət və dəstək sözləri Volodimir Zelenskiyə ümid verməyə yetərli idimi? Bəlkə də... Ancaq bu ümid reallıqla toqquşanda duman kimi dağıldı. Sammitin nəticəsi Ukrayna üçün kağız üzərində qalan diplomatik etiketdən başqa bir şey olmadı.

Təhlükəsizlik zəmanəti? Bu mövzu ya diqqətlə kənara qoyuldu, ya da diqqətdən yayındırıldı. Avropanın verdiyi sözlərin, əslində, heç vaxt tutulmayacaq vədlərin səsləndirilməsindən başqa bir şey olmadığı göründü.

Bütün bunlar çoxdan çəkilmiş filmin yenidən nümayişi kimi idi. Ssenari tanış, aktyorlar dəyişsə də, süjet eyni qalmışdı. Ukraynanın gözlədiyi real dəstək, sadəcə, bəyanatlar və diplomatik jestlərlə əvəz olundu. “Biz sizin yanınızdayıq” sözləri tez-tez səslənsə də, arxasında real güc nümayişi hiss olunmadı.

Bu Sammit Avropanın tərəddüdlərinin, ABŞ-dən asılılığının və Ukraynanın geosiyasi şahmat oyununda necə tək buraxıldığının növbəti sübutu idi. Diplomatik masalarda alınan qərarlar, savaş meydanında səslənən artilleriya səsləri qarşısında çox zəif qalır. Bir daha aydın oldu ki, bəyanatlar reallığı dəyişmir, rəmzi jestlər isə silahların susmasına səbəb olmur. London Sammiti göstərdi ki, Avropa Ukraynanın yanında dayansa da, bu, daha çox öz qeydinə qalmağa oxşayır. Zelenskini Sammitə dəvət edən Avropa öz canının hayındadır, onu Ukraynadan çox öz təhlükəsizliyi düşündürür. Bu mənada Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin sammitdən sonra səsləndirdiyi “Avropa təcili olaraq yenidən silahlanmalıdır” bəyanatı çox mətləblərdən xəbər verir. Başqa bir sual isə odur ki, London Sammitində Avropanın təhlükəsizliyi əsas müzakirə mövzusu idisə, yaxud başqa sözlə desək, toplantıda Ukraynanın təhlükəsizliyinə təminat verilməsi məsələsi danışılmayacaqdısa, Zelenski oraya niyə dəvət olunmuşdu? Ağ Evdə məlum görüşdən xoş ayrılmayan Ukrayna Prezidentinə Londonda ikinci uğursuz görüşü yaşatmağa nə ehtiyac vardı?

Seçilən
18
apa.az

1Mənbələr