AZ

Qaçaqmalçılar amnistiyadan sonra da həmişəki məşğuliyyətlərindən əl çəkməyəcəklər?

Budapeşt, 3 mart, AZƏRTAC

Bu günlərdə Macarıstan həbsxanalarından insan qaçaqmalçılığı üzrə müxtəlif sxemlərdə iştirakına görə məhkum olunmuş 2435 xarici vətəndaş azadlığa çıxıb.

AZƏRTAC xəbər verir ki, bu xəbər bir sıra qonşu ölkələrdə, ilk növbədə isə Avstriyada narahatlığa səbəb olub. Məsələ burasındadır ki, amnistiya şamil edilmiş şəxslərin əksəriyyəti bu qanunsuz əməllərini dəfələrlə törətmiş və buna görə məhkum olunmuşlar.

Avstriyalı rəsmilər məhkum olunmuş bu qaçaqmalçıların əvvəlki bizneslərindən əl çəkəcəklərinə şübhə ilə yanaşırlar. Bununla yanaşı, onlar əmindirlər ki, transmilli cinayətkarlıq və qeyri-qanuni miqrasiya problemləri daha da ağırlaşacaq.

Xarici məhkumların saxlanılmasının maliyyə yükünün azaldılmasına yönəlmiş bu amnistiya qərarı ictimai təhlükəsizlik və nəzarət məsələləri ilə bağlı suallar ortaya çıxarıb. Mövcud sistem azadlığa çıxmış qaçaqmalçıların yerinin və fəaliyyətlərinin səmərəli izlənilməsinə imkan vermir. Hüquq-mühafizə orqanları isə sadəcə tələb edirlər ki, bu insanlar cinayət əməllərini bir daha etməyəcəklərinə söz verməklə ölkəni tərk etsinlər. Onlar ümid edirlər ki, bu cinayətkarlar verdiyi sözlərinə əməl edəcəklər. Yeganə icbari mexanizm isə budur ki, ölkəni üç gün ərzində tərk etməyəcəkləri təqdirdə təkrar həbs olunacaqlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
37
azertag.az

1Mənbələr