Avropa İttifaqının ("Aİ") bu həftə müdafiə maliyyələşdirilməsini gücləndirməyə yönəlmiş "konkret" tədbirləri elan edəcəyi gözlənilir.
Valyuta.Az xəbər verir ki, bu barədə "CNBC" mənbələrə istinadən məlumat verib. Bu qərar, Avropa və ABŞ-nin Ukraynaya dəstək məsələsində fikir ayrılığı yaşadığı bir vaxtda gündəmə gəlib.
"Aİ"nin 27 lideri cümə axşamı Brüsseldə müdafiə və Ukraynaya dəstəyə həsr olunmuş toplantıda bir araya gələcək. Görüş, ABŞ-Avropa münasibətlərində iki gərgin hadisənin ardınca keçirilir: fevralın ortalarında Münhendə vitse-prezident Cey Di Vensin Avropa liderlərini tənqid etdiyi çıxışı və cümə günü Ağ Evdə ABŞ administrasiyası ilə Ukrayna prezidenti Volodimir Zelenskinin açıq mübahisəsi.
Avropa liderləri Donald Trampı uzaqlaşdırmamağa çalışırlar. O, Zelenskini III Dünya müharibəsinə səbəb ola biləcək risklərə getməkdə ittiham edib. Bununla yanaşı, avropalılar anlayırlar ki, Ukraynanın lazım olan dəstəyi almağa davam etməsi və Rusiya prezidenti Vladimir Putinin hər hansı yeni aqressiyasının qarşısının alınması üçün dərhal tədbirlər görülməlidir.
"Aİ" rəsmilərindən biri "CNBC"yə bildirib ki, "gələn günlərdə intensiv işlər görüləcək". Müzakirələrin həssas xarakterini nəzərə alaraq adının açıqlanmasını istəməyən rəsmi, cümə axşamı keçiriləcək toplantının hazırlıqlarında iştirak etdiyini də bildirib. .
Eyni mənbə vurğulayıb ki, əsas məqsəd müdafiə maliyyələşdirilməsi ilə bağlı "konkret nəticələr" açıqlamaqdır.
Müdafiə xərclərinin artırılması gündəmdədir
İnvestorlar "Aİ" rəsmilərinin müzakirələrini diqqətlə izləyirlər. Avropanın "Stoxx Aerospace and Defense" indeksinin ilin əvvəlindən bu yana təxminən 23% artması və bazar ertəsi səhər ticarətində 6%-dən çox yüksəlməsi də bunun göstəricisidir.
Tramp uzun müddətdir Avropa ölkələrini "NATO"nun tələblərinə uyğun olaraq ÜDM-in 2%-ni müdafiəyə ayırmamaqda tənqid edir. Onun ilk prezidentlik dövründən sonra bir çox ölkə müdafiə xərclərini artırıb və "NATO"nun son məlumatlarına görə, 2024-cü ildə alyansın 32 üzvündən 23-ü bu hədəfə çatmağı gözləyir.
Hazırda isə bir çox "NATO" üzvləri xərcləri daha da artırmağı planlaşdırır. Alyansın baş katibi Mark Rutte fevral ayında bildirib ki, bu rəqəm "2%-dən xeyli yüksək" olmalıdır. Tramp isə "NATO"ya üzv ölkələrin müdafiəyə ÜDM-in 5%-ni ayırmasını təklif edir.
"Aİ"nin yeni müdafiə maliyyələşdirmə planları
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen fevral ayında bəyan edib ki, "Aİ" fiskal qaydaları elə dəyişdiriləcək ki, ölkələr borc və büdcə kəsiri limitlərinə məhəl qoymadan daha çox müdafiə xərcləri edə bilsinlər.
Adının açıqlanmasını istəməyən "Aİ" rəsmisi bildirib ki, qarşıdan gələn yeni elanlar bundan da irəli gedəcək: "Biz 'Aİ' səviyyəsində müdafiə üçün əlavə maliyyə mənbələri üzərində işləyirik, buraya struktur fondlarının istifadəsində çeviklik və Avropa İnvestisiya Bankının ('AİB') mandatının uyğunlaşdırılması daxildir."
Hazırda "AİB" yalnız mülki və hərbi məqsədlərə eyni zamanda xidmət edən müdafiə layihələrini maliyyələşdirə bilir. 2025-ci il üçün bankın hədəfi 95 milyard avro (99,26 milyard dollar) investisiya yatırmaqdır.
Başqa bir "Aİ" rəsmisi isə bildirib ki, Ursula fon der Lyayen yaxın günlərdə "konkret tədbirlər" açıqlayacaq və bu məsələlər cümə axşamı "Aİ" liderləri tərəfindən müzakirə ediləcək.
Bazar günü Londonda keçirilən zirvə toplantısında fon der Lyayen deyib: "Biz Avropanı təcili şəkildə yenidən silahlandırmalıyıq. Bu məqsədlə Avropa Şurasının 6 mart iclasında liderlərə hərtərəfli plan təqdim edəcəyəm."
Birgə borclanma gündəmdə ola bilər
Brüssel mərkəzli "Bruegel" beyin mərkəzi son hesabatında bildirib ki, Avropanın Rusiya aqressiyasının qarşısını almaq üçün "qısamüddətli perspektivdə 300 min əlavə əsgərə və illik 250 milyard avro əlavə müdafiə xərclərinə ehtiyacı ola bilər".
Bazar günü "Goldman Sachs" tərəfindən yayımlanan qeyddə isə qeyd olunub ki, "əvəzləyici fiskal tədbirlər olmadan Avrozonanın müdafiə xərclərinin 2,5%-ə çatdırılması üçün hər il əlavə 0,6% ÜDM maliyyələşdirməsi lazımdır."
Əsas müzakirə mövzularından biri də "Aİ"nin müdafiə layihələri üçün ortaq borclanma mexanizminə razılaşıb-razılaşmayacağıdır. Blok, pandemiya dövründə "NextGenerationEU" adlı fond vasitəsilə bu cür birgə borclanma addımını atmışdı. Bəzi üzv ölkələr hesab edir ki, müdafiə üçün də eyni model tətbiq edilməlidir. Lakin fiskal cəhətdən daha mühafizəkar ölkələr digər alternativləri tükəndirmədən bu addımın atılmasını istəmirlər.
"Goldman Sachs"ın analitikləri hesab edirlər ki, "Aİ" liderləri müdafiə xərcləri üçün "NextGenerationEU" fondunun qalan maliyyə potensialını yenidən istiqamətləndirə bilər. Bundan sonra isə yeni bir proqram yaradıla bilər ki, bu da "müdafiə xərclərinin fərdi milli iqtisadi risklərdən qorunmasını təmin edər".
Rəhim