AZ

Ayxan Abbasov: “Səbail”ə daha böyük hesabla qalib gələ bilərdik”

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu xalı, qələbəni haqq edirdik. Önəmli oyun idi. Qışdan sonra “Səbail” bircə “Qarabağ”a uduzmuşdu. Mövsümün ikinci yarısına çox yaxşı başlamışdılar. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandılar, tapşırıqları yerinə yetirməyə çalışdılar. İkinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Böyükhesablı qələbə ola bilərdi. Premyer Liqada qalmaq üçün sonadək mübarizə aparacağıq.

Qışdan sonra pis oyunumuz olmamışdı.Təəssüf ki, uduzurduq. Sadə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Müdafiədə yaxşı oynadıq. Qələbə gələcək üçün motivasiyadır. Sonuncu pilləyə düşə bilərdik. Bu gün sonuncu yerdəki komanda da dəyişə bilər. Fərq 4-6 xaldır. Bunu fikirləşib, tam da özümüzü stressə salmırıq. Amma onu da düşünürük ki, hər an sonuncu pilləyə düşə bilərik. Bu qələbə bizi daha da irəli apardı”.

Ayxan Abbasov Leroy Mikelsin zədəsindən də danışıb və onun “Sabah”a qarşı oynamayacağını bildirib: “Ağır zədədir. “Sabah”la yoxlama görüşündə ilk dəfə zədələnmişdi. “Zirə” və “Neftçi” ilə görüşlərdə ayağında sümük zədəsi yarandı. Müalicə olunur”.

“Səbail”in baş məşqçisi Cavid Hüseynov isə komandasının məğlubiyyətinə belə şərh verib:

“Bizim üçün çox vacib oyun idi. Premyer Liqada qalmaq uğrunda mübarizə gedir. İlk hissədə 25 dəqiqə yaxşı futbol oynadıq və hücumlar təşkil etdik. Sadəcə, ani diqqətsizlikdən qapımızda qol gördük. İkinci hissədə oyuna nəzarəti itirdik, rəqib bizi bütün komponentlərdə üstələdi. Bu oyundan dərs çıxarmalı, yolumuza davam etməliyik. Qarşıda çox tur var. Çalışacağıq ki, bu yerdən çıxaq. Vəziyyətimizi düzəltmək istəyirik.

Yorğunluq var idi. Ramazan ayıdır. 7 futbolçumuz oruc idi. Bunu bəhanə etmirik. Sadəcə, kubok bizə sərf etmirdi. Zədəlilərimiz də var. Biz kubok görüşünə çıxmalıydıq. Yorğunluq təsirini göstərdi”.

Seçilən
50
arena.az

1Mənbələr