AZ

Azərbaycan-BMT əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparıldı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul edib.

Bu barədə Publika.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu əməkdaşlığın yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı inkişaf sahəsində milli prioritetlərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir 2 mart 2025-ci il tarixinin Azərbaycanın BMT-yə üzv olaraq qəbul edilməsinin 33-cü ildonümünə təsadüf etdiyini və ötən 33 il ərzində Azərbaycanla BMT sisteminə daxil olan qurumlar arasında əməkdaşlığın səmərəli və konstruktiv şəkildə qurulduğundan məmnunluq duyduğunu bildirib. Xüsusilə müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın qarşılaşdığı iqtisadi və sosial çağırışlara qarşı mübarizədə dəstək vermək məqsədilə həmin dövrdən etibarən ölkəmizdə fəaliyyətə başlayan bəzi BMT qurumları ilə həyata keçirilmiş əməkdaşlığın Azərbaycanda institusional inkişaf və qabiliyyət quruculuğuna mühüm töhfə verdiyi bildirilib.

Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub.

Bununla əlaqədar, Azərbaycanın BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.

Seçilən
148
24
publika.az

10Mənbələr