AZ

BMT TŞ-yə bu ay Danimarka sədrlik edəcək: Ukrayna mövzusu diqqət mərkəzindədir

Mart ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Danimarka sədrlik edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, Şuraya rəhbərlik fevralda Çindən Danimarkaya keçib.

Danimarkanın BMT-dəki daimi nümayəndəsi Kristina Markus Lavson ay ərzində Şuranın gündəliyi ilə bağlı mətbuat konfransı keçirib.

Səfir ay ərzində TŞ-nın gündəliyini açıqlayıb. Bildirib ki, Yaxın Şərq, Suriya, Yəmən, Livan, Əfqanıstan və Konqo üzrə bir sıra mühüm iclaslar keçiriləcək. Xüsusilə, Qəzza, İordan çayının Qərb sahilindəki vəziyyət və Suriyadakı siyasi proseslər diqqət mərkəzində olacaq: “BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması üçün əsas qlobal platforma rolunu oynayır. Proqramımız əsasən mandatlı iclaslara fokuslanır, bununla yanaşı, gündəmdəki böhranlardan ən çox təsirlənənlərin səslərini də eşitdirmək istəyirik.

Sülh və təhlükəsizlik, iqlim və beynəlxalq hüquq prinsipləri kimi mövzuları da müzakirələrə daxil etmişik”.

O, qeyd edib ki, ay ərzində BMT-nin sülhməramlı əməliyyatları ilə bağlı yüksək səviyyəli açıq debat da baş tutacaq: “Biz sülh əməliyyatları BMT-nin mühüm aləti hesab edirik və onları yeni reallıqlara uyğunlaşdırmağı müzakirə etmək istəyirik. Bundan əlavə, Sudanda, Ukraynada və Haitidəki vəziyyətə uyğun olaraq, lazım gəlsə, təcili iclaslar keçirməyə hazırıq”.

Səfir Ukrayna ilə bağlı TŞ-də hələlik xüsusi görüş tələbinin olmadığını deyib: “Hazırda vəziyyəti yaxından izləyirik və sülh prosesini dəstəkləməyə hazırıq. Sülh əlbəttə ki, BMT nizamnaməsinə və Ukraynanın ərazi bütövlüyünə hörmət əsasında olmalıdır. Əsas təhlükə Rusiyadır. Əgər qonşu ölkəni işğal edib, cəzasız qalmaq olsa, bu, bütün dünya üçün təhlükə yaradır. Xüsusilə Şərqi Avropa ölkələri növbəti hədəf olmaqdan narahatdırlar”.

Seçilən
19
report.az

1Mənbələr