AZ

Ülviyyə Zülfiqar: Əsas məqsəd qayıdışın baş tutması üçün beynəlxalq ictimaiyyətin də Ermənistana təsir göstərməsinə nail olmaqdır

Bakı, 4 mart, AZƏRTAC

Asiya Parlamentinin Bakıda keçirilən sessiyasında qəbul edilən yekun sənəddə Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına qayıtmasına və İcmanın qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə olunması Qərbi Azərbaycan İcmasının beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti uğurudur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar bildirib.

O xatırladıb ki, daha əvvəl İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 2024-cü il mayın 4-5-də Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə də təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlığını bildirərək onların öz doğma yurdlarına sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə etmişdilər. Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınamışdılar. Qərbi Azərbaycan İcmasının, Qayıdış Konsepsiyası da daxil olmaqla 10 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb.

“Biz Qərbi Azərbaycanlıların geri qayıdış hüququnun təmin olunmasını və onların haqq işini dəstəkləyən bütün beynəlxalq subyektləri alqışlayır və təşəkkürümüzü bildiririk. İcma beynəlxalq ictimaiyyətin məlumatlandırılması və dəstəyin əldə olunması istiqamətində işini davam etdirəcək.

Əsas məqsəd Qərbi Azərbaycanlıların beynəlxalq hüququn norma və prinsiplərinə əsasən qayıdış hüququnun təmin olunması və onların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının baş tutması üçün beynəlxalq ictimaiyyətin də Ermənistana təsir göstərməsinə nail olmaqdır. Qərbi Azərbaycanlıların Ümumdünya İnsan Haqları bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən geri qayıdış hüququ var və bu hüquq BMT qarşısında da öhdəlik götürən Ermənistan tərəfindən təmin edilməlidir”, - deyə şöbə müdiri qeyd edib.

Seçilən
14
azertag.az

1Mənbələr