Bir neçə gündən sonra 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunacaq. Hər zaman olduğu kimi bu il də yerli təhsilin idarəetmə qurumları tərəfindən tabeliklərində olduqları məktəblərə xəbərdarlıq xarakterli təlimat göndərilib.
Həmin təlimatda müəllim və məktəb rəhbərliyinin adıçəkilən təqvimlə əlaqəli hədiyyə, pul, yaxud hər hansı maddi ekvivalenti olan nələrinsə alması, şagird və valideynlərdən tələb olunmasının yolverilməz oduğu vurğulanır. Amma təəssüf ki, biz təlimatlara, tövsiyə və xəbərdarlıqlara heç bir əhəmiyyət vermədən yenə də neqativ hallara meyl edən təhsil işçilərini görməkdəyik.
Bəs bu kimi hadisələrin qarşısı necə alınmalıdır?
Sfera.az-a mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib ki, təlimatların göndərilməsi, xəbərdarlıqların edilməsi azdır.
Ekspert qeyd edib ki, əsas məsələ bu təlimatların pozulduğu hallarla bağlı ciddi cəza tədbirlərinin həyata keçməsidir:
“Ötən gün də məktəblərin birində direktor tərəfindən müəllimlərə qarşı qeyri-loyal hadisəni mediadan oxuduq. Bütün bunlar çox böyük təəssüf doğurur. Təhsilin idarəetmə qurumlarının mövqeyini müdafiə etmək fikrim qətiyyən yoxdur. Amma bunu deməyi özümə borc bilirəm ki, bu kimi qurumlar artıq o cür təlimatları yollamağa məcburdurlar. Doğrudur, bu təlimatlar uzun illərini məktəbə həsr etmiş, fədakar müəllimlərə müəyyən qədər mənfi təsir göstərə bilər. Amma gəlin, bir məsələdə obyektiv olaq. Axı yerli təhsil qurumlarının hər hansı ərazidə, hər hansı məktəbdə hansı müəllimlərin yaxşı, hansı müəllimlərin pis, hansının hədiyyə tələb edən, hansı birisinin isə özünü şagirdlərə həsr edən olduğunu bilmək üçün barometri, bunu müəyyənləşdirən mexanizmi yoxdur. Odur ki, təmənnasız, şagird və onun valideyni ilə sırf mənəvi bağlarla bağlı olan müəllimlər özlərini qurunun oduna yanan yaş kimi düşünməsinlər
Bəzən, ümumiləşdirmələr neqativ hallara yol verən konkret şəxslərin üzə çıxmasına da çox böyük yardım etmiş olur. Bir daha təkrar edirəm, bəli, neqativ hallara yol verən, şagirdə hədiyyə, hər hansı maddi təmənna səbəbi ilə bullinq tətbiq edən müəllimlərə hətta diqqət və mənəvi bağlantı rəmzi sayılan bircə ədəd gülün belə verilməsi çoxdur. Əvvəla, bu müəllimləri şagird diqqəti və onun mənəvi energetikası yox, birbaşa ondan faydalanacağı maddi detal maraqlandırır. Onlar üçün rəmzi hədiyyə sayılan bir ədəd gül gülünc sayılar. Şagird diqqətini isə il boyu onlardan sevgi və biliyini əsirgəməyən müəllimlər haqq edirlər”.
E.Nurinin fikrincə, problemin bir tərəfi də valideynlərdir:
“Valideynlərin Votsap qrupları bu gün bir sıra neqativ hallara səbəb olur. Özlərini sinif rəhbəri olan müəllimə, ya da məktəb rəhbərliyinə xoş göstərmək istəyən bir, yaxud, bir neçə valideyn məhz bu cür Votsap qrupları üzərindən digər valideynlərə az qala, bullinq göstərir. Onlar kimsə ilə razılaşmadan, korporativ razılığa gəlmədən öz fərdi qərarlarını qrupda ümumi qanunauyğunluq kimi qeyd edirlər. Məsələn, “qarşıdan 8 Mart gəlir, hamı bir nəfər kimi 30 manatdan gətirməlidir”. Buradakı məbləğ şərti olaraq qeyd olunur. Amma əmin ola bilərsiz ki, il ərzində yüzlərlə, minlərlə müəllim bu cür Votsap qərarlarının qurbanı olur. Artıq bu cür valideynlər diqqətə alınmamalı, hətta bir dəfə də bu kimi neqativ işlərə qol qoyacaqları təqdirdə şagird övladına qarşı hər hansı ciddi intizam tədbirlərinin görüləcəyi ilə bağlı məlumatlanmalıdırlar.
Əks halda, valideyn Votsap qrupları istər 8 Mart, istər 5 Oktyabr, hətta müəllimin ad günündə hələ çox neqativlərə yola açacaq”.
Firuzə Əliyeva