AZ

Böyük Qayıdış uğurla davam edir

Sakinlərinə qovuşan növbəti ünvan Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi oldu 

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan Azərbaycan hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruluculq işləri ilə dünyanın diqqətindədir. Şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa işlərinin öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz şəhərsalmanın müasir təcrübəsini təqdim edir.  Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində «Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə» söyləyən dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. 

30 il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası doğma  torpaqlarımıza qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik. Ötən il  Şuşa, Xocalı və Cəbrayıl şəhərləri  sakinlərinə qovuşan  ünvanlar sırasına daxil oldu. Şuşa sakinləri ötən  ilin 10 may tarixində Ümummilli Lider Heydər Əliyevin andan olmasının 101-ci ildönümündə, xocalılar 28 May-Müstəqillik Günündə, cəbrayıllılar 4 Oktyabr- Cəbrayıl Şəhəri Günündə doğma yurd-yuvalarına qayıtdılar.

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri  bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təmləqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bunun üçün cənab İlham Əliyevin bir müddət öncə Ağdam və Xocalı rayonlarına, Xankəndi şəhərinə səfəri zamanı görülən işlərə diqqət yetirmək kifayətdir. Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlərlə görüşən dövlət başçısı İlham Əliyev diqqəti  bir daha bu reallıqlara yönəltdi ki, İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi: «Azərbaycan ərazisində separatizmin kökü tam kəsilmişdir və Azərbaycan vətəndaşları öz doğma torpağına qayıda bilirlər. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Ağdam rayonunda idim. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq. Xankəndini də biz bərpa edəcəyik və vaxtilə burada yararsız vəziyyətə düşmüş binalar indi sökülür, yeni binalar inşa edilir və ediləcək.  Qarabağ Universiteti artıq fəaliyyət göstərir və bu il yeni korpuslar inşa olunacaq. Artıq orada mindən çox tələbə oxuyur. Əsas odur ki, indi tikinti-bərpa işləri sürətlə getsin. Bunun üçün bütün gücümüzü səfərbər etmişik.»

Dövlətimizin başçısı İlham Əliyev suverenliyimizin bərpasından sonra ötən il fevralın  26-da Xocalı şəhərinə səfər etdi. Prezident İlham Əliyev Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü, sonra Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, sakinlərlə birlikdə şəhərdə aparılan tikinti işlərinin gedişi ilə tanış oldu. «Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq» söyləyərək onu da əlavə etdi ki, otuz iki ildən sonra qayıtmısınız. Otuz iki ildən, o qanlı faciədən sonra Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 25 fevral 2025-ci il tarixində «Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında» Sərəncam imzaladı.

Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Ümumiyyətlə, ilin elə bir ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Bu səfərlər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən Azərbaycanın əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Cənab İlham Əliyev 2017-ci ildə «Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı. Ərazinin minalardan təmizlənməsindən sonra bu kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı öz sakinlərini qarşıladı.

Artıq dörd ildir Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri olan addımlar atılacaq. Bu günədək işğaldan azad olunmuş ərazilərimizə 9 minə yaxın keçmiş məcburi köçkün köçürülüb. Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdir: «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.»

Əvvəldə də qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Martın 3-də  qayıdışın növbəti ünvanı  Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi oldu.  Həsənriz kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 25 ailə - 91 nəfər köçürülür. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirlər.

Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. Nəzərə alaq ki, tarixi Zəfərimizdən sonra ilk olaraq sakinlçrinə qovuşan «ağıllı kənd» layihəsinin ilk iştirakçısı Ağalı kəndi oldu. Bu nöqteyi-nəzərdən  işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən də start veriləcək. Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi yerli əhalinin məşğulluq səviyyəsini artıracaq. Bu, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalını artıraraq, yerli iqtisadiyyatı canlandıracaq. Əkinçilik fəaliyyəti torpaqların daha məhsuldar istifadəsini təmin etməklə, əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artırılmasına səbəb olur. Əkin məqsədli torpaqların istifadəyə verilməsi qida təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətlidir. Yaxşı idarə olunan kənd təsərrüfatı fəaliyyətləri yerli qida istehsalını artırır və xaricdən asılılığı azaldır. Bu, ölkə daxilində istehsal olunan qida məhsullarının təklifini artıraraq, daha keyfiyyətli və əlverişli qiymətlərlə yerli əhaliyə təqdim edilməsini təmin edir.

Ağalıda əkinçilik fəaliyyətinin artırılması torpaq ehtiyatlarının daha səmərəli istifadə olunmasına imkan yaradır. Torpaqların düzgün və müasir aqrotexniki üsullarla işlənməsi, ətraf mühitin qorunmasına kömək edir. Əkin sahələrində tətbiq edilən müasir suvarma sistemləri torpaq eroziyasının qarşısını alır və torpaqların uzunmüddətli istifadəsini təmin edəcək. Əkin məqsədli torpaqların istifadəyə verilməsi, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqinə şərait yaradır. Bu, daha yüksək məhsuldarlıq və məhsul keyfiyyəti deməkdir. Yenilikçi texnologiyalar, o cümlədən avtomatlaşdırılmış suvarma sistemləri, gübrələmə üsulları və məhsulun emalı, torpaqların istifadəsini daha səmərəli edir və kənd təsərrüfatı fəaliyyətini iqtisadi baxımdan daha sərfəli edir. Torpaqların əkin məqsədli istifadəyə verilməsi yerli əhalinin sosial rifahını yaxşılaşdırmağa da kömək edir. Kənd təsərrüfatı fəaliyyətlərinin inkişafı kəndlərdə yeni iş yerlərinin açılmasına, gənclərin kənd təsərrüfatı sahəsində ixtisaslaşmasına və bununla da əhalinin yaşayış şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus imkanlara malikdir. Onlardan səmərçəli istifadə etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın  sosial müdaıiəsini gücləndirmək mümkündür, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələrin veriləcəyi qaçılmazdır. Tarixi Zəfərimizdən dərhal sonra iqtisadi rayonların  bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin  imkanlarından səmərəli istifadə etməkdir. Artıq neçə illərdir dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi də bu ixisaslaşmış ərazilərimiz sırasında qeyd edə bilərik. 30 ilik işğal dövrdündə Ermənistan bu torpaqlarımızın mövcud imkanlarından bəhrələnərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışmışdı.

Göründüyü kimi, dövlətimizin həyata keçiridyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Suverenliyimizin bərpasından sonra Xocalının, Ağdərənin  sakinlərinə qovuşması üçün ilk addımların atılması, yaxın zamanlarda bü ünvanlar sırasında Xankəndi şəhərinin də yer alacağının bildirilməsi  dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Qısa müddətdə bu torpaqlara qayıdışı reallışdırmaq böyük iqtisadi gücün, xalqımızın yenilməzliyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs edərkən böyük qürur hissi ilə qeyd etdiyi kimi,  biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

«Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir. Halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlanır.  Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. 

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
44
ikisahil.az

1Mənbələr