AZ

TRAMP BUNU DA ETDİ... – Qalır yalnız ABŞ-nin Rusiyaya hərbi yardım göstərməsi!

24 saata Ukrayna müharibəsini bitirəcəyinə söz verən ABŞ Prezidenti Donald Tramp nəinki vədinin üstündə dura bilmədiyini, həm də bu işğalçılıq müharibəsini başlayan Kremlin qarşısında acizliyini nümayiş etdirməkdədir. Seçki vaxtı Tramp və onun komandasının “güc yolu ilə sülhə nail olmaq” tezisi isə belə görünür ki, işğalçı dövlətə deyil, işğala məruz qalan Ukraynaya yönəlibmiş...

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Donald Tramp Ukraynaya bütün hərbi yardımların dayandırılması barədə göstəriş verib. Doğrudur, bu xəbər hələlik Ağ Ev tərəfindən rəsmən elan olunmayıb, lakin onun yaxın zamanda bəyan ediləcəyi gözlənilir. Nəzərə alsaq ki, Trampın bu gün Konqress qarşısında çıxışı olacaq, o zaman həmin bəyanatın bu gün veriləcəyi ehtimalı da yüksəkdir.

ABŞ-nin əksər nüfuzlu media orqanları öz mənbələrinə istinadla yazır ki, Tramp “Ukrayna rəhbərliyi sülhə sadiqliyini” nümayiş etdirənə qədər” Rusiya işğalına qarşı müharibədə Ukraynaya hərbi yardımın dondurulmasını əmr edib.

Adı çəkilməyən Ağ Ev rəsmisinin adından yayılan məlumatda deyilir: “Prezident Tramp sülhə sadiq olduğunu açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq və onun bir dəyişiklik yaratmasını təmin etmək üçün nəzərdən keçiririk".

Trampın özü hələlik bu qərarı şərh etməyib, Ağ Evdən də rəsmi məlumat yayımlanmayıb. Lakin trampçılara yaxın “Fox News” kanalı bu məlumatları təsdiqləyib və ABŞ administrasiyasının nümayəndəsinə istinadla bildirib ki, "bu, yardımın birdəfəlik dayandırılması deyil, ona fasilə verilməsidir".

Xatırladaq ki, bu cür “fasilə” 2023-cü ildə 6 aya yaxın davam etdi və Ukrayna üçün uğursuz əks-hücum, böyük sayda insan və ərazi itkisi, eləcə də Rusiyanın döyüş meydanında yenidən fiziki və psixoloji üstünlüyünə gətirib çıxardı.

“Bloomberg”-in məlumatına görə, hərbi yardımın dayandırılması qərarı artıq yolda olan, hələ Ukraynaya çatdırılmamış bütün Amerika hərbi texnikasına, o cümlədən Polşa ərazisindən keçməkdə olan və ya tranziti gözləyən silahlara da aid olacaq.

Seçilən
110
azpolitika.info

1Mənbələr