
Ukrayna Ali Radasının müxalif deputatı Aleksandr Dubinski parlamentin spikeri Ruslan Stefançuka müraciət göndərərək, Ukrayna Prezidenti Volodimir Zelenskinin impiçment prosedurunun başlanmasını tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında saxlanılan deputat öz “Telegram” kanalında məlumat verib.
“Mən 2025-ci il martın 3-də Ali Radanın sədri Ruslan Stefançuka Volodimir Zelenskiyə qarşı impiçment proseduruna başlamaq üçün rəsmi sorğu göndərdim. Bunun əsası onun Ağ Evdəki diplomatik uğursuzluğu idi, nəticədə Ukrayna ABŞ-nin qeyd-şərtsiz dəstəyini itirdi. Xüsusi İstintaq Komissiyasının yaradılması məsələsinə baxılması üçün dərhal parlamentin növbədənkənar iclasının çağırılmasını, o cümlədən deputatların tələb olunan 220-dən çox imzasını toplamaq üçün imza vərəqələrinin verilməsini tələb edirəm”, - siyasətçi qeyd edib.
Dubinski həmçinin qeyd edib ki, parlament rəhbərliyi çox güman ki, hakim koalisiyanın dağılmasından ehtiyat edərək, müraciətə məhəl qoymayacaq və onu səsverməyə çıxarmayacaq.