Piylənmə yanlış qidalanma və fiziki fəaliyyətin azalması ilə yanaşı, eyni zamanda müəyyən xəstəliklər və tibbi vəziyyətlər nəticəsində də yaranır. Məsələn, endokrin mənşəli sağlamlıq problemləri, maddələr mübadiləsi pozulmaları, hormonal dəyişikliklər və s. Yaranma səbəbindən asılı olmayaraq, piylənmə sonda ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Vurğulayaq ki, erkən əlillik və ölümə səbəb olan xəstəliklərin ortaq yaranma səbəblərindən biri artıq çəki faktorudur.
Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-terapevti Rəna Nağıyeva da piylənmə və onun ağırlaşmaları mövzusunda öz fikirlərini qeyd edib: “Piylənmə təkcə estetik qüsur deyil, ciddi xəstəlikdir. Çox zaman pasiyentlərin piylənməyə qeyri-ciddi yanaşdığını görürəm. Amma təəssüf hissi ilə bildirirəm ki, bir çox həyati vacib xəstəliklərin yaranmasında artıq çəkinin rolu var. Məsələn, ürək-damar sistemi xəstəlikləri, miokard infarktı, ateroskleroz, hipertoniya, hiperlipidemiya, varikoz, revmatoloji xəstəliklər, oynaqların degenerativ xəstəlikləri və s. Dərman müalicəsindən əlavə, sözsüz ki, həyat tərzi, pəhriz, fiziki aktivlik, yuxu rejimi, emosional stabilliyə də diqqət yetirilməlidir. Piylənmə və onun ağırlaşmalarının vaxtında qarşısını almaq üçün pasiyentlərə mütəmadi ixtisaslı həkim müayinələrindən keçməyi, qan dəyərlərini, hormonları nəzarətdə saxlamağı tövsiyə edirik. Artıq çəkidən əziyyət çəkən insanlarda qanda dəmir, vitamin D, B6, B12, mikroelementlər və digər vitaminlərin səviyyəsini ölçmək lazımdır. Çünki qan azlığı, vitamin və mineral çatışmazlığı olan şəxslərdə metabolizma zəifləyir və nəticədə çəki ata bilmirlər. Piylənməni yaradan səbəblərin aşkarlanması, ağırlaşmaların müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Sevindirici haldır ki, icbari tibbi sığortanın tətbiqi ilə müayinələr əlçatan olub. Nəticədə erkən diaqnozların qoyulması halları artıb, piylənmə və onun ağırlaşmaları ilə mübarizə daha asanlaşıb. Pasiyentlər tibbi göstəriş əsasında təyin edilən bütün müayinələrdən rahatlıqla, ödənişsiz şəkildə keçə bilirlər. Bu da biz həkimlərin daha dəqiq diaqnoz təyin etməsinə və ağırlaşmaların qarşısının vaxtında alınmasına kömək edir. Vətəndaşlara müraciətim və tövsiyəm odur ki, həkim müayinələrini axsatmasınlar, sağlam həyat tərzi sürməyə çalışsınlar”.
Piylənmə ilə mübarizə, əlillik və ölüm riskini artıran xəstəliklərin yaranmasının qarşısını almaq üçün piylənməni yaradan səbəbləri nəzarətdə saxlamaq vacibdir. Sağlam həyat tərzi sürmək, tibbi müayinələri axsatmamaq həm riskləri azaldır, həm də ümumi həyat keyfiyyətini artırır. Hormonal pozğunluqları aşkarlayan, nəticədə piylənmə və onun fəsadlarının qarşısını almağa yardım edən tibbi müayinələr və müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İxtisaslı həkim müayinəsi və onun təyin etdiyi tibbi müayinələrdən sonra piylənməni yaradan əsas səbəb aşkarlana və müalicə edilə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən açıqlanan statistik məlumatlara əsasən:
Dünyada yarım milyarddan çox insan piylənmədən əziyyət çəkir;
Böyüklər arasında piylənmə 1990-cı ildən bəri iki dəfədən çox, yeniyetmələr arasında isə dörd dəfə artıb;
Uşaqlarda piylənmə də XXI əsrin ən ciddi sağlamlıq problemlərindən sayılır. Dünyada 5 yaşa qədər olan 37 milyon uşaq artıq çəkiyə malikdir. Onlarda daha gənc yaşlarda diabet və ürək-damar xəstəliklərinin yaranma ehtimalı çoxdur. Bu da vaxtından əvvəl əlillik və ölüm ehtimalını artırır.
Bu faktlar göstərir ki, piylənmə qlobal miqyasda ciddi sağlamlıq problemi olaraq qalmaqdadır və onunla mübarizə üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi vacibdir.
Piylənmə şəkərli diabet, ürək-damar, endokrin sistemi xəstəlikləri və bəzi xərçəng növlərinin yaranma riskini artırır. Dünya üzrə şəkərli diabetlə xəstələnmənin 44%-i, ürəyin işemik xəstəliyinin 23%-i və bəzi xərçəng xəstəliklərinin 7-41%-i artıq çəki və piylənmə ilə əlaqədardır.
Ürək-damar xəstəlikləri: piylənmə yüksək təzyiq (hipertoniya), xolesterin səviyyəsinin artması və damar sərtliyinə səbəb olaraq ürək xəstəlikləri və infarkt riskini artırır. Arteriyaların tıxanması nəticəsində beyin qan dövranının pozulması və insult riski də artır.
Şəkərli diabet: piylənmə qan şəkərinin artmasına və şəkərli diabetin inkişafına gətirib çıxarır.
Tənəffüs problemləri: ağciyərlərin normal funksiyası azalır, bu da nəfəs darlığına səbəb olur.
Skelet və oynaq problemləri: çəkidə artım oynaqlara əlavə təzyiq yaradır, bu da artrit və digər oynaq problemlərinin yaranma riskini artırır. Xüsusilə diz, bel və bud oynaqlarında ağrılar müşahidə olunur.
Hormonal dəyişikliklər və reproduktiv sağlamlıq: qadınlarda piylənmə menstrual dövrünün pozulmasına, sonsuzluğa və polikistik yumurtalıq sindromuna səbəb ola bilər. Kişilərdə testosteron səviyyəsinin azalması və reproduktiv problemlər yaranır.
Qaraciyər problemləri: qaraciyərin piylənməsi artıq çəki ilə əlaqəlidir və bu vəziyyət qaraciyər çatışmazlığına gətirib çıxara bilər.
Piylənmənin yaratdığı xəstəliklərdən əlavə, piylənməni yaradan xəstəliklər də var. Bu xəstəlikləri vaxtında aşkarlamaq, düzgün diaqnoz və müalicə tədbirləri piylənmənin və ağırlaşmalarının qarşısını ala bilər.
Piylənməyə və çəki artımına səbəb olan əsas faktorlardan biri hormonal disbalansdır. Endokrin və hormonal pozğunluqlar çəki artımına səbəb ola bilər:
Hipotiroidizm yəni qalxanabənzər vəzinin aktivliyinin az olması metabolizmin zəifləməsinə və çəki artımına səbəb olur. Qalxanabənzər vəzi hormonu olan tiroid maddələr mübadiləsini idarə edir və bədənin enerji səviyyəsini tənzimləyir. Bu hormonda pozğunluq olarsa, maddələr mübadiləsi yavaşlayır və piylənmə yaranır;
Kortizol hormonu: böyrəküstü vəzilərin çox miqdarda kortizol hormonu istehsal etməsi piylənməyə gətirib çıxara bilər. Kortizol hormonu stres hormonu olaraq da tanınır. Onun işi bədəndəki iltihab dərəcəsini idarə etməkdir. Kortizol səviyyəsi yüksəldikcə, piylənmə artır;
İnsulin hormonu bədəndə qan şəkərinin səviyyəsini idarə edir. "İnsulin dirənci" isə şəkərin səviyyəsini artırır və çəki artımına səbəb olur;
Leptin hormonu iştahı idarə edir. Bu hormonda pozğunluq yarandığı halda beyində iştaha nəzarət pozulur və nəticədə piylənməyə səbəb olur.
Piylənmə riskini artıran xəstəliklərin müalicəsi üçün erkən diaqnoz və adekvat müalicə vacibdir. Bununla yanaşı, sağlam həyat tərzi, yəni fiziki aktivliyi artırmaq, sağlam qidalanmaq, yuxu rejiminə diqqət etmək də piylənmənin qarşısını almaq üçün mühüm rol oynayır.