AFFA Azərbayan milli komandası üçün daha bir rəqib tapıb.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Haiti ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyun bu il martın 22-də Sumqayıtda gerçəkləşəcək. Matçın başlanma saatı barədə hələlik məlumat verilmir.
Bu, Azərbaycan və Haiti komanndaları arasında tarixdə ilk görüş olacaq. Ölkələrimiz arasında mövcud olan 11300 km-lik məsafə futbol əlaqələrimizin də yoxluğunu şərtləndirən əsas amillərdən sayılır.
Haiti Şimali Amerika materikində, Atlantik okeanın sahillərində yerləşir. Quru sərhədlərlə Dominikana, Karib dənizi vasitəslə ilə Kubaya qonşudur.
Bu ekzotik ölkənin futbol yığması FIFA-nın reytinq cədvəlində 86-cı pillədə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, milli komandamız 117-cı sıranı tutur.
Onu da əlavə edək, Haiti yığmamızın 2025-ci ildə ilk rəqibinə çevrilib. Fernandu Santuşun yetirmələri daha sonra Belarus (25 mart), Latviya (7 iyun) və Macarıstanla (10 iyun) yoldaşlıq görüşlərində qüvvələrini sınayacaqlar.