AZ

Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Tofiq mənə qadağa qoymuşdu”

Bakının Xəzər rayonunda 1993-cü il təvəllüdlü Aytən (adlar şərti verilib – red.) əxlaqsız yuvası təşkil etməkdə ittiham olunub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Aytən 2023-cü il sentyabrından 2024-cü ilin martınadək olan müddətdə yaşadığı evin bir otağını ayırıb, oranı çarpayı və yataq dəsti ilə təchiz edib. Daha sonra fahişəliklə məşğul olan tanışı Səbinənin həmin mənzildə kişi müştərilərə intim xidmətlər göstərməsinə şərait yaradıb.

Səbinənin razılığını aldıqdan sonra Aytən 10-20 manatını özünə götürmək şərtilə 40-50 manat pul müqabilində onun təxminən 10-15 kişi müştəriylə görüşünü təşkil edib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında 14 mart 2024-cü ildə saat 11:00-da həmin ünvanda keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan mənzildə Aytən, fahişəliklə məşğul olan Səbinə, onun müştərisi Taleh aşkar edilib.

İstintaq orqanı tərəfindən Aytənin barəsində Cinayət Məcəlləsinin 243.1 (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aytən elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, onun Tahir adlı tanışı var: “Tahir mənə bildirdi ki, görüş üçün ev ver, qız tapacaq. Amma özüm heç bir müştəriylə cinsi əlaqədə olmayım. Mən də evi Səbinəyə verməli oldum. Səbinə evimdə 10-15 dəfə müxtəlif şəxslərlə görüşərək cinsi əlaqədə oldu. Hər görüş üçün 10-15 manat almışam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ofeliya adlı rəfiqəsi ona kişi tanışlarının olduğunu, bir dəfəyə 200-300 manat pul verdiklərini bildirib və həmin şəxslərlə görüşməsini təklif edib: “Tahir mənə başqa kişilərlə görüşməyi qadağan etdiyindən Ofelyaya görüşdürməyə başqa qız verə biləcəyimi dedim. Talehin Səbinə ilə görüşündən bir gün əvvəl onunla öz evimdə görüşdüm. Taleh mənə 200 manat verdi. Sonrakı gün Səbinəni ona təqdim etdim. Talehdən aldığım puldan 10 manatı özümə götürəcəkdim. Səbinəni Talehlə mən görüşdürmüşəm”.

Daha sonra təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib və bildirib ki, Talehdən aldığı 200 manat pulun 170 manatını özü götürüb, 30 manatımı isə Səbinəyə verəcəkmiş.

Seçilən
4
2
publika.az

3Mənbələr