AZ

TBNM regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq

Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclasında Orta Dəhlizlə bu il üçün yükdaşıma planı və onun icra planı təsdiqlənib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, iclasın yekununda, həmçinin, TBNM BA Hüquqi Şəxslər Birliyinin Çinin Sian şəhərində nümayəndəliyinin açılması barədə qərar qəbul olunub.

İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.

Tədbirdə Orta Dəhliz kimi tanınan TBNM-in regional nəqliyyat bağlantısının əsas arteriyalarından biri kimi yüksəlişdə olduğu vurğulanıb. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin yük ötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona çatdırılması və bu xətt üzrə yük əməliyyatlarının bərpa edilməsi xüsusilə qeyd olunub.

Tədbir iştirakçıları bildiriblər ki, əsas məqsəd yüklərin təhlükəsizliyini təmin etməklə, vahid tarifləri razılaşdırmaqla və yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq. Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur qazanmağa imkan verəcək.

Müzakirələrdən sonra TBNM BA Hüquqi Şəxslər Birliyinin TBNM-in inkişafı üzrə İşçi qrupunun 2025-ci il üçün təsdiqlənmiş tarif dərəcələri barədə məlumatı dinlənilib.

Sonda iclasın protokolu, “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlərin imzalanması mərasimi baş tutub.

Tədbir öz işini “Xəzər dənizi vasitəsilə Orta Dəhliz” (Middle Corridor via the Caspian Sea) adlı forumla davam etdirib, dənizlə yükdaşımaların səmərəli təşkili, bu istiqamətdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Seçilən
60
15
vergiler.az

10Mənbələr