AZ

Zenfira Mustafayeva: "Qadına dəstək həm ailəni, həm də cəmiyyəti gücləndirir"

Qadınların sosial-iqtisadi və hüquqi hüquqlarının təmin edilməsi, onların əmək bazarına çıxış imkanlarının artırılması ölkəmizdə aparılan siyasətin əsas istiqamətlərindən biridir. "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a verdiyi açıqlamada bu sahədə görülən işlərdən və gələcək planlardan danışıb.

Onun sözlərinə görə, təşkilat 2003-cü ildən qadınların və qız uşaqlarının hüquqlarının müdafiəsi, onların sosial və iqtisadi cəhətdən gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Xüsusilə qadınların biznes sahəsində maarifləndirilməsi, hüquqi biliklərinin artırılması və kiçik sahibkarlığa yönləndirilməsi üçün müxtəlif kurslar təşkil olunur.

"2024-cü ildə 120 qadın müxtəlif profilli 3 aylıq kursları bitirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial cəhətdən həssas qruplardan olan 30 qadın üçün "Qadına bir addım" kursları keçirilib. Bir neçə qadın kiçik biznesini qurmaq üçün avadanlıqla təmin olunub. Bu cür dəstək proqramları sayəsində bir çox qadınlarımız işlə təmin olunub və sahibkarlıq fəaliyyətinə başlayıblar," – deyə Zenfira Mustafayeva bildirib.

QHT sədri qeyd edib ki, qadınların iqtisadi cəhətdən müstəqil olması ailədaxili problemlərin azalmasına da müsbət təsir edir. "Əgər qadın öz iqtisadi müstəqilliyini əldə edərsə, ailədaxili problemlər və boşanma halları da azalacaq. Xüsusilə kənd yerlərində yaşayan qadınların bilik və bacarıqlarını artırmaq üçün onların öz bölgələrində kurslara cəlb olunması vacibdir. Daha sonra onlar qruplaşdırılaraq biznes üçün lazımi avadanlıqlarla təmin edilməlidir ki, öz işlərini qura bilsinlər. Bu yanaşma həm qadınların cəmiyyətə inteqrasiyasına, həm də kəndlərdən şəhərlərə axının azalmasına səbəb olacaq," – deyə o vurğulayıb.

Zenfira Mustafayeva qeyd edib ki, qadınların güclənməsi təkcə onların öz həyatına deyil, bütövlükdə cəmiyyətin inkişafına da töhfə verir: "Qadın böyük bacarığa və qabiliyyətə malikdir. Çünki qadın anadır, həyat yoldaşıdır, alimdir, müəllimdir, təsərrüfatçıdır."

 

 

Pərvanə Fərhadqızı

QHT.az

 

Seçilən
47
qht.az

1Mənbələr