“Aliment Fondunun yaradılması saxta boşanmaları gücləndirə bilər”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
O qeyd edib ki, boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür:
“Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaların sayını artıra bilər. Ombudsmanın məruzəsində həmçinin sosial hüuqlar sahəsində ünvanlı yardım ala bilməyən şəxslərin müraicətlərinə yer verilir. Biz daha çox iş yerlərinin yaradılması, yardım əvəzinə investisiya şəraitinin gücləndirilməsini təklfi edirik”.
Bununla bağlı "Cebheinfo.az"-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, aliment kiminsə hesabına rifahının yaxşılaşdırılması deyil:
“10 ildən çoxdur ki, Aliment Fondunun yaradılmasını dəstəkləyirəm və bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Aliment Fondu sosial siyasətin çox vacib tərkib hissəsidir. Cəmiyyətin ən həssas qrupları uşaqlar və yaşlılardır. Uşaqların müdafiəsi, eləcə də alimentin müəyyən mənada yaşlı insanlara da qanunvericiliyə əsasən təsdiqi məsələsi var.
Yaxın qohumlar, o cümlədən nənə və baba da aliment ala bilər. Alimentin əsas mahiyyəti ondan ibarətdir ki, ehtiyacı olan şəxslərə yaxın qohumları tərəfindən maddi dəstək göstərilsin.
Aliment ödənişi uşaqların yetkinlik yaşına çatana qədər valideynləri tərəfindən ödənilməsi, valideynlər yaşlandıqda və əmək qabiliyyətlərini itirdikdə isə uşaqların valideynlərə baxmaq ödəliyini ehtiva edir.
Aliment Fondunun işi bundan ibarətdir ki, əgər uşağa və ya yaşlıya aliment ödənilmirsə, dövlət müvəqqəti olaraq həmin vəsaiti ödəyir və daha sonra borclu şəxsdən bu məbləği geri tələb edir. Burada kiminsə hesabına rifahının yaxşılaşdırılmasından söhbət getmir. Bu sistem digər sosial dəstək mexanizmləri kimi işləyir. Məsələn, təhsil kreditlərində olduğu kimi, müəyyən güzəştlər tətbiq oluna bilər.
Məsələyə praktiki tərəfdən baxsaq, bir insanın gəliri olmadıqda və alimenti ödəyə bilmədikdə, bu, uşaqların hüquqlarına ciddi zərbə vurur. Məsələn, ana körpə uşağa baxdığı üçün işləyə bilmir, ata isə alimenti vaxtında ödəmirsə, belə vəziyyətdə uşağın maddi təminatı sual altına düşür. Bu halda dövlət həmin uşağa görə alimenti ödəyir və sonra borclu valideyndən bu vəsaiti tələb edir”.
O qeyd edib ki, sosial proqramların digərlərinə də nəzər salanda bu cür sui-istifadə hallarına rast gəlmək olar:
“Aliment Fondunun tətbiqi zamanı sui-istifadə hallarının qarşısını almaq üçün sərt cəzalar nəzərdə tutulmalıdır. Hətta bu hallara görə cinayət məsuliyyəti də tətbiq edilə bilər.
Lakin bəzi şəxslərin fondun imkanlarından sui-istifadə edəcəyi ehtimalı, ümumiyyətlə, bu sistemin yaradılmaması üçün əsas ola bilməz. Əsas məsələ düzgün mexanizmin hazırlanmasıdır ki, sui-istifadə halları olmasın.
Sosial proqramların digər sahələrində də sui-istifadə halları ola bilər, lakin bu, həmin proqramların ləğv olunması üçün səbəb deyil. Aliment Fondu da mərhələli şəkildə tətbiq edilə bilər.
Məsələn, ilkin mərhələdə azyaşlı uşaqlar üçün, xüsusilə çoxuşaqlı ailələrdə boşanma zamanı bu sistemdən istifadə oluna bilər. Çünki bir valideynin 2, 3 və ya 4 azyaşlı uşağa eyni anda baxması və eyni zamanda işləməsi çox çətindir. Ata alimenti ödəmədikdə isə həmin ailə tamamilə başqalarının himayəsində qalır. Əgər heç bir maddi dəstək olmasa, bu uşaqlar ciddi çətinliklərlə üzləşəcəklər.
Aliment Fondunun tətbiqi zamanı müəyyən məhdudiyyətlər də qoyula bilər. Məsələn, bu fond ilkin olaraq yalnız 3, 5 və ya 10 yaşına qədər uşaqları əhatə edə bilər. Bundan əlavə, fond vasitəsilə əldə olunan vəsaitin sui-istifadə edilməsinin qarşısını almaq üçün ciddi nəzarət mexanizmləri yaradılmalıdır.
Əgər kimsə aliment fondunun vəsaitindən düzgün istifadə etmirsə və faktiki olaraq aliment almaq üçün şərtləri manipulyasiya edirsə, boşansalar da birlikdə yaşayış faktı aşkar olunduqda ona qarşı hüquqi tədbirlər görülməlidir”.
Roman Qaraşov bildirib ki, bu mexanizm düzgün işlənsə, uyğun şəkildə Azərbaycan qanunvericiliyində tətbiq oluna və çox faydalı ola bilər:
“Aliment borcları silinməyəcək və məhkəmə qərarı ilə 30 il müddətində icra olunmalıdır. Əgər borclu şəxs alimenti ödəmirsə, onun ölkədən çıxışına məhdudiyyət qoyula, əmək haqqısından tutulmalar edilə və əmlakına həbs qoyula bilər.
Bu tədbirlər sui-istifadə hallarının qarşısını almağa kömək edəcək. Yəni, bu necə sui-istifadə ola bilər? İnsanın buna görə bütün həyatı məhv olur. Bu inandırıcı deyil ki, Aliment Fondu sui-istifadəyə yönəldə və ya təşfiq edə bilər.
Bəlkə də müəyyən qədər sui-istifadə halına cəhd və ya faktı ola bilər. Lakin mexanizmlər işlənib hazırlansa, uyğun şəkildə Azərbaycan qanunvericiliyində tətbiq oluna bilər”.