AZ

Sevgi çatışmazlığı, travmalar, özünü qəbulanmama - MÜSAHİBƏ

"Özünü qəbullanmama müasir cəmiyyətimizin problemlərindən biridir. Hətta deyərdim ki, bu problerm digər psixoloji problemlərdən daha öndə dayanır. Bu problemləmlə çoxları qarşılaşır. Bu elə bir vəziyyətdir ki, insan özünü olduğu kimi qəbul edə bilmir və olduğu kimi sevə bilmir, öz çatışmazlıqlarını, mənfi cəhətlərini qabardır. Nəticədə insana qüsurlar xətalar yetirməyə başlayır. Yəni, həm psixoloji, həm də fiziki diskomfort halları yaşanmağa başlayır".

Bu sözləri News24.az-a müsahibəsində psixoloq Elşən Ələsgərli deyib. Psixoloq sözügedən mövzu ilə bağlı bir çox suallarımıza aydınlıq gətirib. Müsahibəni təqdim edirik: 

Elşən Ələsgərli

- Elşən bəy, özünü qəbul etməmək nədir?

- Özünü qəbul etməmək insanın şəxsiyyətini, xüsusiyyətlərini, görünüşünü və ya onun fikrincə ona maneə yaradan hər hansısa bir halını qəbul edə bilməməsidir. Bu vəziyyətdə adətən insan özünə dəyər vermir, çox vaxt "məndə nəsə çatışmır" düşüncəsi ilə yaşayır. Bu da ona həm emosional, həm də psixoloji narahatlıqlar gətirib gərginləşməsinə səbəb olur.

- Bəs, insan özünü qəbullana bilməyəndə nə olur?

- Öncə onu qeyd edək ki, özünü qəbullana bilməyən insan özündə müsbətləri görmür və yalnız mənfilərə köklənir. Onun fikrincə çox iri olan, gözəçarpan, üzərində böyük bir yük əmələ gətirən mənfilərə köklənir və bu mənfilər onun həyatında dağınıqlar yaratmağa başlayır. Hətta ola bilsin ki, onun mənfi deyib qəbul etmədikləri başqaları üçün o qədər də əhəmiyyət təşkil etmir. Sadəcə olaraq o buna çox böyük əhəmiyyət verdiyinə görə bunu özü üçün problemə çevirir və məhz buna görə də ilk növbədə onun özü ilə münasibətləri korlanmağa başlayır. İnsan özünə inamını itirir və nəticə olaraq bu onun həm şəxsi həyatında, həm də iş həyatında çökmələrə səbəb olur, uğur qazana bilmir. İnsan günü-gündən zədə alır, zərbə alır və depressiyaya uğrayır.

- Özünü qəbullana bilməmənin kökündə nə dayanır?

- Özünü qəbullanmamaq daha çox subyektiv yanaşmadır. Bir insanın özünün-özünə neqativ yanaşmasıdır və bu yanaşmanın kökündə çoxlu həm uşaqlıq, həm də ilk yetkinlik dövrünün eləcə də gənclik zamanlarının travmaları durur. Məhz bu travmalardır ki, onun özünü olduğu kimi qavramamasına və özünə olan baxışlarının dəyişməsinə səbəb olur. Bu insanı rastlaşdığı müddətdən etibarən sıxmağa başlayır. Ola bilsin ki, bunun kökündə həqiqətən də müəyyən fiziki problemlər də dursun. Məsələn, ola bilsin ki, insanın tələffüzündə bir qədər qüsurlar var. O bu qüsuru öz gözündə o qədər böyüdür ki, özünü nə ciddi bir nitq söyləməyə, nə bir fikir bildirməyə layiq sayır. Hətta bu uşaqlıq vaxtlarından başlayırsa, o öz qüsurundan sıxılır. dərs danışmağa çıxmır, müəllim nəsə soruşanda cavab vermir. Bu da aydındır ki, həmin şəxsin qiymətlərinə təsir etməyə başlayır və günü-gündən onun oxuması daha çox zəifləyir. Əgər o bununla bağlı məktəbdə təzyiqlərə məruz qalırsa, məktəbə getmək istəmir, davamiyyəti zəifləyir və s.

- Bu şəxslər necə davranırlar?

- Adətən özünü qəbul etməyən şəxslərdə özünü tənqidə çox böyük meyl olur. İnsan özünün uğurlarını əhəmiyyətli saymır və onları aşağılamağa doğru gedir. Digərləri ilə müqayisə aparır və müqayisəni heç də öz xeyirinə etmir. Daim öz səhvlərinə fokuslanır və bu səhvləri olduğundan daha böyük görməyə başlayır. Öz dəyərini isə ancaq başqaları onu təsdiq edərsə, bilir.

- Özünü tənqid və şəxsi uğurları kiçiltmə nədir?

- Özünü tənqid etməyə meyl elə bir haldır ki, insan daim öz-özünü danlayır - "mən niyə bunu etdim", "bunu düz etmədim", "gərək belə etməzdim", "ağlım olmadı, gərək bunu belə etməzdim" kimi fikirlər onu o qədər məşğul edir ki, ətrafa baxıb, başqalarının onu nəcür qavramağını, qəbul etməyini sezmir.

Şəxsi uğurların əhəmiyyətini kiçiltmə də bu mənbədən olan bir şeydir. Yəni, kimsə üçün nəsə edirlərsə, qarşılığında "çox sağ ol", "çox yaxşı iş görmüsən", "kömək etdin bizə" kimi sözlərə cavab olaraq "neylədim ki?!", "mən heç nə etmədim", "dəyməz, yox, yox heç nə etməmişəm", "böyütməyin siz allah" belə sözlərlə özünü geri çəkməyə çalışır. 

- Digərlərini özü ilə müqayisə etmə və bunu heç də öz xeyrinə etməmə bəs?

- Baxanda görürsən ki, bu şəxslər özü də çox şeylər edib, ancaq o bunları başqalarının etdikləri ilə müqayisə etdiyinə görə onların fonunda görünmür. Həmin insan dərk etmir ki, özünü özü ilə müqayisə etsə daha yaxşı olar. Özünü başqaları ilə müqayisə, özü də belə neqativ tərzdə onun mənini kiçiltməyə gətirib çıxardır. Belə adamlar öz səhvlərinə fokuslandığına görə nəsə böyük bir iş görüb xırda səhv etdikdə onu o qədər böyüdürlər ki, səhvdən qorxurlar: "hə, bax, görsələr ki, bunu düz etməmişəm mənə söz deyəcəklər" deyə fikirləşirlər. Hərçənd ki, bunun nəticəsində böyük bir işi görüb qutarıb, ancaq o səhvi o qədər böyüdür ki, bunu görə bilmirlər.

- Öz dəyərini başqalarının təsiri ilə ölçmək nədir bəs?

- Bu zaman şəxsdə özünə inamsızlıq elə bir dərəcədə olur ki, ona ancaq başqası "sən yaxşısan" dedikdən sonra "yaxşı" olduğunu anlayır. Hətta gedir hər yerdə deyir ki, filankəs müəllim mənə dedi ki, sən işinlə çox böyük xeyir gətirmisən. Filankəs müəllim dedikdən sonra mən bunu başa düşdüm. Baxın, bu cür özünüqəbuletməmə sindromları belə hallarla müşayiət olunur.

- Yuxarıda qeyd etdiniz ki, özünü qəbul etməmə uşaqlıq travmaları ilə əlaqədardır. Burada hansı hallar, hansı davranış və ya travmalar nəzərdə tutulur?

- O ailələrdə ki, sərt təlim-tərbiyə olur, yəni, uşağ daim tənqid, təzyiq altında olur, onu aşağılayırlar gələcəkdə özünü qəbul etməyi bacarmayan böyüklər formalaşır. Məsələn, uşaq gəlir deyir ki, ata-ana bu gün 5 almışam, buna cavab olaraq "hə, almısan almısan da" deyib uşağı diqqətdən kənar saxlayıb, uşaq gələn səfər 4 aldığını deyəndə "niyə 5 almadın?", "hamı 4 alıb?", "başqaları 5 aldı, birdənə sən 4 aldın hə?!", "bir az da yaxşı çalışsa idin, 5 alardın" deməklə onda belə fikir formalaşdırır ki, o nə etsə də heç kimin xoşuna gəlməyəcək. Uşaq olduğu üçün o burada böyükləri günahlandıra bilmir, başa düşmür ki, bu böyüyün özünün daxili problemlərindən qaynaqlanır. Həmin atanı, ananı da vaxtilə sevməyən atası, anası olub. Məhz buna görə də uşaq bütün səhvi özündə görür və bu da çox vaxt özünəqapanma ilə nəticələnir yaxud da digər kəskin hallara gətirib çıxardır. Belə ailələrdə böyüyən uşaqlar, yəni, daimi tənqidə, təzyiqə məruz qalanlar özünü qəbul etməyən böyüklərə çevrilir. Belə travmalardan digəri şəxsi sevginin çatışmazlığı deyilən bir haldır. 

- Sevgi çatışmazlığı nədən yaranır və bu travma nə ilə nəticələnir?

Uşaq dərk edir ki, onu sevmirlər. Yaxud uşaq bilir ki, onu sevirlər, ancaq nəyəsə görə və həmişə də bu nəyəsəni qabartmağa çalışırlar. Belə formalaşdırırlar ki, "bax, sən əlaçı olsan, mən səni öpəcəm, səni çox istəyəcəm, bizə oxumayan uşaq lazım deyil", "atanın-ananın sözünə baxmayan uşaq lazım deyil" bu cür fikirlərin hamısı sevgi çatışmazlığını formalaşdırır. Nəticədə uşaq başa düşür ki, elə belə onu heç kim öpməyəcək, elə belə heç kim onun başını sığallamayacaq. Yəni, o var olduğu üçün bu sevgiyə layiq deyil, məhz bunun üçün də o həmişə nəsə bir nəticələr göstərməlidir, bu nəticələr olmayanda, deməli, o sevgini qazanmağa layiq deyil. Belə adamlar həmişə dəyərli, dəyərsiz olmağından asılı olmayaraq nəyəsə can atırlar, başqaları üçün öz canlarından keçməyə belə hazır olurlar. Ancaq özləri üçün nəyisə layiq bilmirlər. Buna görə də özlərini sevə və olduqları kimi qəbul edə bilmirlər.

- Özünü qəbul etməmə sadəcə uşaqlıq travmaları ilə bağlıdır?

- Xeyr, bu problem təkcə uşaqlıq travmaları ilə olmur. Çox uğurlu ailələrdə, naz-nemət içində böyüyən uşaqlarda da gələcəkdə belə travmaların olması labüd ola bilir. Bunun da səbəbi digər hallardır. Digər hallar deyəndə biz sosial amilləri nəzərdə tuturuq.

Sosial amillər - bizi əhatə edən sosial cəmiyyətin diqtə etdiyi amillərdir. Yəni, yaşadığımız mühitdə, cəmiyyətdə bizə qarşı qoyualan standartlara, şərtlərə cavab vermək istəyirik. Bu şərtlər müxtəlifdir.

Hər bir insan düşdüyü, yaşadığı mühitin sosial amilləri ilə də çox əlaqəlidir. Ona görə də cəmiyyət müəyyən ideal şərtlər qoyanda, məsələn, "oğlanlar hündürboy olmalıdır", "qızlar 90-60-90 olmalıdır" və s.-in hamısı ideal standartlardır. Cəmiyyət vaxtaşırı belə qəribə standartlar formalaşdırır. Cəmiyyətin böyük əksəriyyəti isə bu və ya digər standartları üstün tutmağa çalışırlar. Əgər şəxs həmin bu standartların təsiri altına düşürsə, özünü uğursuz saya, normal saymaya bilər və özünü qəbullanmayacaqdır.

Bu gün rastlaşdığımız burun problemi hamı çalışır ki, burnunu kəsdirsin. Yaxud da digər orqanlarında plastik cərrahi əməliyyatlar aparmağa çalışırlar. Həmin şəxslər bununla təkcə gözəllik nümunəsi olmağa yox, həmçinin sosial mühitlərinin təlabatının qurbanı olurlar. Məhz buna görə də özlərini olduqları kimi yox, həmin sosial mühitin, cəmiyyətin arzuladığı kimi mükəmməl etməyə çalışırlar. Əslində bu yalançı mükəmməllikdir və özünü qəbullanmamanın əlaməti kimi təyin olunur.

- Özünü qəbul etməmənin hansı nəticələri olur?

- Özünü qəbul etməmənin mənfi nəticələri 3 müstəvidə - psixoloji, sosial, fiziki özünü göstərir. 

Psixoloji təsirlər nəticəsində insan depressiyaya qapanır, narahatlıq pozuntusu keçirdir, gərginləşir və özünə inam kəskin olaraq aşağı düşür, özünə dəyər vermə halları ləğv olunur. Bu zaman insan nə etdiyini, necə etdiyini bilmir. 

Mənfi sosial təsir zamanı insanın digər insanlarla münasibətləri çətinləşir. O ilk növbədə öz yaxınlarından uzaqlaşmağa başlayır, güman edir ki, o pisdir, yaxşı biri deyil, onunla heç kim danışmaq istəməz və s. Beləliklə, birinci addımı özü atır danışmır, dost olmur, kənarlaşır və qapanır. Sonda insan sosial təcrid, yalnızlıqla üzləşir.

Fiziki təsirlər isə özünü daimi olaraq miqren, baş ağrıları, həddindən artıq yüklü stress, daxili orqanların gərgin sıxılması, yuxusuzluq hallarına gətirib çıxardır. Bunun kəskin formasında insan sağlam olmayan həyat tərzinə keçir.

- Bəs, özünü qəbul etməyin hər hansı bir yolu varmı, insanlar necə bu problemdən azad ola bilərlər?

- Əvvəlcə onu qeyd edim ki, bütün növ depressiyalar, travmalar 96-97% həll olunur. 

İnsanın özünü qəbul etməsi üçün peşəkar yardım xaricində özünü dərk mərhələsində olmalıdır. Yəni, insan hər atdığı addımı şüurlu şəkildə atmalıdır. Bundan başqa xüsusi uğur gündəliyinin aparmaq və burada pozitiv addımlarının hər birini yazmaq lazımdır. Çünki sonda neqativ bir fikir yarandıqda insan açıb o gündəliyə baxır və görür ki, nə qədər addımlar atıb. 

Digər bir vacib addım insanın özünü qəbullanması - özünə mərhəmətdir. Bu zaman insan güzgü qarşısında dayanır və özünü tənqid eləmir ki, " a buna bax başım necədir, burnum necədir, gözüm necədir, saçım necədir?!". O qəbul edir ki, hə, ola bilsin indi mənim saçlarım heç də yaxşı vəziyyətdə deyil, amma tibb var, müəyyən vasitələr, üsullar var. Nəsə bir addım ataraq bu problemi aradan qaldıra bilərəm və s. Beləcə insan özünü olduğu kimi qəbul edir ki, bəli mən beləyəm, bu cürəm, varam və özümü olduğum görüb, sevirəm.

Eyni zamanda, insan sosial təsirləri azaltmalıdır. Neqativ dostların, tanışların və sairin arasında olub hər gün neqativ söz eşitmək, hər gün depressiv hallar yaşamaq heç də uğurlu deyil. Şəxs özünü sevməmə, özünü qəbullanmama kompleksindən azad olana qədər neytral mühitdə olmalı və sosial təsirlərdən təcrid olunmalıdır.

Sosial təsiri azaltmanın ikinci yolu sağlam münasibətlərə getməkdir. Yəni, insan özünə dostlar tapmalı hansı ki, ona müsbət fikirlər aşılaya biləcək və doğurdan ünsiyyətdə ola biləcəyi biriləri olmalıdır.

Sonuncu olaraq da peşəkar dəstək vacibdir. Bu insanın özünə sevgisizliyi kənara qoyana qədər davam etməlidir. Psixoloji dəstək həm fərdi, həm də qrup terapiya şəklində aparılmalıdır.

Günel Məlikzadə
News24.az


Seçilən
43
news24.az

1Mənbələr