“Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayevanın, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin (WWF) direktoru Elşad Əsgərovun, Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanovun, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müəllim və tələbə heyətinin iştirakı ilə elmi-maarifləndirici tədbir keçirilib.
Tədbirdə mütəxəssislər tərəfindən tələbələrə günün mahiyyəti, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması və reintroduksiya layihələri, Azərbaycanın ornitofaunası və nadir quş növlərinin mühafizəsi haqqında ətraflı məlumatlar verilib.
Daha sonra ölkədə bioloji müxtəlifliyin qorunması istiqamətində görülmüş işlər və bioloji müxtəlifliyin qorunması üsulları iştirakçıların diqqətinə çatdırılıb.