AZ

Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi açılıb – FOTO

Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi bu ölkənin elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə Qazaxıstanın bir sıra ali təhsil müəssisələrinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil olunub.

Açılışda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bu hadisənin ölkələrimiz arasında münasibətlər üçün tarixi əhəmiyyətini vurğulayıb. Sərginin Azərbaycanda ilk dəfə keçirildiyini qeyd edən səfir təhsil sahəsində əməkdaşlığın iki dövlət arasında münasibətlərin inkişafında fundamental amilə çevriləcəyinə əminliyini ifadə edib.

Elm və təhsil naziri Emin Əmrullayev sərgi barədə məlumat verərək vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər, bir çox digər sahələrdə olduğu kimi, təhsil istiqamətində də fəal inkişaf edəcək. Sərginin işinə uğurlar arzulayan nazir qeyd edib ki, tələbələr çoxlu maraqlı məlumatlar əldə edə biləcəklər.

Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib ki, sərgidə ölkənin aparıcı universitetləri təmsil olunur. “Məqsədimiz regionda bütün türkdilli ölkələr üçün güclü akademik və tədqiqat mərkəzi yaratmaqdır. Biz Qazaxıstana 47 elmi müəssisə və universitet cəlb edə bilmişik, onların arasında İspaniya, Böyük Britaniya, Çin, Cənubi Koreya, Türkiyə, ABŞ, Fransa, Almaniya və digər ölkələrdən nümayəndələr də var”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanda Koreya, ABŞ və Rusiyanın aparıcı universitetlərinin, eləcə də süni intellekt, texnologiya, yaşıl hidrogen, kimya, mühəndislik, aviasiya və s. sahələrdə yüksəkkeyfiyyətli təhsil verən yerli ali təhsil müəssisələrinin nümayəndəlikləri fəaliyyət göstərir.

Sayasat Nurbek yaxın vaxtlarda Qazaxıstanda Türküstan Universitetinin açılacağını bildirib.

“Dövlətimiz Qazaxıstanda təhsil almaq istəyən əcnəbi tələbələr üçün 550 yer ayırır. Ölkələrimiz arasında bağlanmış ikitərəfli sazişə uyğun olaraq, gələn ildən Azərbaycandan 12 tələbə Qazaxıstanda təhsil almağa başlayacaq. Gələcəkdə bu rəqəm 30-dək arta bilər”, – deyə nazir fikrini yekunlaşdırıb.

İki gün davam edəcək təhsil sərgisində Qazaxıstanın 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində ziyarətçilər Qazaxıstanda bütün səviyyələrdə və geniş ixtisaslar spektri üzrə təhsil imkanları haqqında məlumat əldə edə biləcəklər. Sərgiyə giriş pulsuzdur.

Qeyd edək ki, hazırda Qazaxıstanda Azərbaycan vətəndaşları üçün hökumətlərarası təqaüd proqramları bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil üçün unikal imkan təqdim edir.

DOĞRU.AZ

image-17410965442161638485_1200x630 image-17410965441048918802_1200x630 image-17410965441454632820_1200x630 image-17410965443108844272_1200x630 image-1741096544779344183_1200x630 image-1741096544245816662_1200x630 image-1741096544192826587_1200x630

Seçilən
43
dogru.az

1Mənbələr