AZ

Azərbaycan, Gürcüstan və Ermənistan bank sektorunun müqayisəsi - "Fitch Ratings"

"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan, Gürcüstan və Ermənistanın bank sektorunun icmalını açıqlayıb. 

Valyuta.Az-ın verdiyi xəbərə əsasən, icmalda bildirilib ki, Qafqaz regionunda bankların kredit göstəriciləri son iki ildə ürətli iqtisadi artım və biznes fəaliyyətinin genişlənməsi fonunda yüksəlməyə davam edir.

Agentlik bu yüksəlişi Ukraynadakı hərbi münaqişənin dolayı təsirləri, xüsusən də Rusiya ilə artan ticarət, immiqrasiya və əlaqəli ödəniş axınları, eləcə də yüksək xammal qiymətləri ilə əlaqələndirib.

Məlumata əasən, 2023 və 2024-cü illərdə bir sıra reytinq artımlarından sonra Azərbaycan və Ermənistan bankları üçün reytinq proqnozları əsasən "sabit" olaraq qalır. Bununla belə, Gürcüstan banklarının dayanıqlı və güclü göstəricilərinə baxmayaraq, siyasi risklər səbəbindən reytinqlər təzyiq altındadır.  

Rekord səviyyədə gəlir və likvidlik

Regiondakı bir çox bank 2022–2024-cü illərdə rekord səviyyədə mənfəət əldə edib. Faiz marjaları 1–2 % bəndi artaraq, aktivlər üzrə faiz dərəcələrinin yüksəlməsi və likvidlik ehtiyatlarının möhkəm olması fonunda maliyyələşmə xərclərinin nəzarətdə saxlanılması ilə dəstəklənib. 

Ermənistan və qismən də Gürcüstan bankları Rusiya ilə bağlı immiqrasiya, xarici ticarət və pul axınlarından əlavə gəlir əldə ediblər. Gürcüstandakı genişmiqyaslı siyasi etirazlar hələlik ictimai asayişin ciddi pozulmasına və ya bank sektoruna mənfi təsir göstərməyib. 

Azərbaycan banklarının göstəriciləri isə yüksək neft qiymətləri və problemli aktivlərin azalması ilə yüksəlib.  

Azərbaycanda isə sürətli kredit artımı və əhəmiyyətli dividend ödənişləri kapital nisbətlərinə təsir etsə də, güclü mənfəət fonunda kapitalizasiyanın hələ də məqbul səviyyədə qalacağı gözlənilir.  

Kredit keyfiyyəti və dollarlaşma riskləri

Sürətli iqtisadi artım və sağlam kredit genişlənməsi regionda kredit keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Bununla belə, problemli kreditlərin səviyyəsi onsuz da aşağı olduğu üçün onların daha da azalması mümkün olmaya bilər. Xüsusilə, Azərbaycanda bu tendensiya daha nəzərəçarpan olub. Burada konsentrasiya olunmuş və dollarlaşmış korporativ kreditlərdən daha diversifikasiya olunmuş, yerli valyutada verilən pərakəndə, mikro və kiçik və orta biznes kreditlərinə keçid və daha effektiv tənzimləmə bank risklərinin azalmasına kömək edib.  

Agentlik bildirib ki, dollarlaşma hələ də Gürcüstanda (2024-cü ilin sonuna kreditlərin 43%-i) və Ermənistanda (33%) yüksək olaraq qalır və hər iki ölkənin bankları üçün əsas zəiflikdir. Xüsusilə, Gürcüstan bankları siyasi böhranın uzanması və investor etimadının sarsılması halında ciddi çətinliklərlə üzləşə bilər ki, bu da ölkənin xarici likvidliyinə və məzənnəsinə təzyiq yarada bilər. Bu risklər Gürcüstanın yüksək reytinqə malik banklarının "mənfi" reytinq proqnozlarında əks olunub və ölkənin suveren reytinqi ilə üst-üstə düşür.  

Likvidlik və reytinq perspektivləri

Regionda bankların likvidlik mövqeyi ümumilikdə sabitdir. 2022-ci ildə qeyri-rezident axınlarının əhəmiyyətli dərəcədə artmasından sonra Ermənistan və Gürcüstanda depozit artımı zəifləyib və sektorun kredit/depozit nisbətləri 2024-cü ilin sonuna 100%-ə yaxınlaşıb. 

Gürcüstan banklarının likvidliyi 2024-cü il ərzində siyasi risklərə baxmayaraq sabit qalıb və güclü sektor göstəriciləri sayəsində xarici investorların etimadı qorunub. 

Azərbaycan banklarının kredit/depozit nisbəti isə 73% səviyyəsindədir ki, bu da "MDB" və ətraf regionda ən yüksək likvidlik göstəricilərindən biridir.  

Regionda bankların reytinqləri investisiya səviyyəsindən aşağıdır və "B" ilə "BB+" arasında dəyişir. 2024-cü ilin oktyabr ayında Azərbaycan banklarının reytinqi problemli aktivlərin azalması səbəbindən artırılıb və ölkənin suveren reytinqi (BBB-/Sabit) ilə yerli bankların fəaliyyət mühiti reytinqi (bb-) arasındakı üç pilləlik fərq nəzərə alınaraq, gələcəkdə də reytinqin yüksəldilməsi üçün potensial qalır. Bunun üçün daha güclü tənzimləyici çərçivə və sektorun maliyyə göstəricilərinin uzunmüddətli dayanıqlılığı tələb olunur.  

Gürcüstanın (BB/Mənfi) və Ermənistanın (BB-/Sabit) ən güclü bankları üçün isə suveren reytinq məhdudiyyətləri potensial reytinq artımını məhdudlaşdırır.  

Rəhim

Seçilən
17
valyuta.az

1Mənbələr