Onların ailə həyatının şirinliyi cəmi bir neçə ay çəkdi. Belə ki 1919- cu ilin payızında toyları olan cütlük 20-ci ilin mayıda əbədi məşəqqətlərlə dolu bir yola çıxmalı oldular. Qərib ölkələr, yad şəhərlər, düşmən təqibi, yaşamaq uğrunda mücadilə və bütün bu çətinliklərlə yanaşı mənsub olduqları milli qüruru daim uca tutmağı bacarmaq, düşdükləri dözülməz şəraitə baxmayaraq Azərbaycan uğrunda mübarizə aparmaq Kazımbəylilərin həyat amalı olmuşdur.
Valiyyə xanım Xoyski Xalq Cümhuriyyətinin hökümət başqanı Fətəli bəy Xoyskinin qardaşı general Hüseynqulu bəy Xoyskinin ailəsində 1900-ci ildə Gəncədə anadan olmuşdur. Onun anası Şirinbəyim xanım da Gəncənin adlı-sanlı nəsillərindən birinin ailə üzvü idi. Valiyyə xanımın həyat yoldaşı Cahangir bəy 1885-ci ildə Gəncədə Əli bəyin ailəsidə dünyaya göz açmış, Tiflis gimnaziyasını, daha sonra Tiflis hərbi məktəbini bitirmişdir. I Dünya Müharibəsi cəbhələrindən döyüş yolu keçmiş Cahangir bəy Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu ilk aylarda milli ordunun yaradılması işində iştirak etmiş, Gəncə alayının komandiri olmuşdur. Polkovnik hərbi rütbəli Cahangir bəyin ordu quruculuğu prosesindəki əməyi xüsusi əhəmiyyət kəsb edirdi.
AXC-nin süqutu Gəncədə matəm ab-havası yaratmışdır. 28 aprel faciəsindən iki həftə sonra Gəncədə misli görünməmiş talan və təqiblər tüğyan edirdi. Sadə gəncəlilər bolşevik qiyafəsində zühur edən erməni-rus azğınlığına qarşı səfərbər olmaq məcburiyyətində qaldı. Cahangir bəy Kazımbəyli məsləkdaşları ilə bolşeviq zülmünə qarşı Gəncə üsyanına başçılıq edərək, Cəncəni üzləşdiyi bəladan qurtarmaq üçün ölüm-dirim savaşına qalxdı. 1920- ci ilin 26 may- 5 iyun tarixlərində gəncəlilər qeyri-bərabər qüvvələr nisbətilə düşmənə müqavimət göstərdi. Erməni-rus bolşevik birləşmələri həmin günlərdə, üsyançılarla yanaşı minlərlə gəncəlini qətlə yetirdi. Sona qədər döyüşən Cahangir bəy kiçik bir dəstə ilə mühasirəni yarmağa müvəffəq oldu. Onun yeniyetməlik və ilk gənclik illərinin şahidi Tiflisdə məskunlaşması qısa müddətə təsadüf etdi. Gəncə qiyamından bir neçə gün əvvəl ailəsini Təbrizə göndərməyə macal tapan Cahangir bəy onları çətinliklə Tiflisə gətirdi. Bu o vaxt idi ki, başda Çingiz İldırım olmaqla bolşeviklər təkidlə polkovnik Kazımbəylini Bakıya dəvət edir, ona daxili işlər komissarlığında iş təklif edirdilər. Peşəkar hərbiçi olmaqla bərabər Cahangir bəy itellektual cəhətdən geniş dünya görüşünə malik idi. O, bəsit bolşevik hiyləsinə aldanacaq səviyyədə deyildi.
1921-ci ilin fevralında Tiflis bolşeviklər tərəfindən istila olduqda Kazımbəylilər ailəsi İstanbula getməyə məcbur oldu. Gənc ailə İstanbulda məişət qayğıları fonunda ehtiyac məngənəsinin sıxıtısı ilə baş-başa qalır. Bahalıq və qıtlığın hökm sürdüyü zaman kəsiyində işsizlik vəziyyəti daha da ağırlaşdırırdı. Belə şəraitdə Polşa hökumətinin yüksək çinli mühacir hərbiçilərə iş təklifi dərhal razılaşmağı diktə edirdi. Kazımbəylilər ailəsi 1923- cü ildə Varşavaya gedir. Polşa vətəndaşlığı alan Kazımbəylilər ailəsinin artıq beş üzvü vardı. Abbas, Mustafa və sonbeşik Əli Valiyyə xanımın tərbiyəsində böyüyür və Varşava mühütünə uyğunlaşma sürətlə baş tututurdu. Onların Varşavadakı mənzili həmişə qonaqlı-qaralı olurdu. Polşada məskunlaşan azərbaycanlılar üçün Kazımbəylilərin ocağı mədəni mərkəz rolunu oynayırdı.
Çox keçmir ki, qəhvəyi taun Avropanın dinciliyini pozur. Faşist Almaniyası Polşaya silahlı hücum edir. Polşa ordusu müttəfiqləri Fransa və İngiltərədən heç bir dəstək ala bilmir. Təkbaşına özündən qat-qat güclü düşmənlə mübarizə aparan Polşa müqavimət göstərir. Polşa ordusunda həmin vaxt yüksək rütbəli onlarla azərbaycanlı hərbiçi vardı. Onlar xidmət etdikləri ordu, vətəndaşı olduğu ölkə üçün ləyaqətlə döyüşürdülər. Döyüşlərin birində Cahangir bəy Kazımbəyli yaralı, huşsuz halda əsir düşür. Alman əsirliyində bütün ömrü boyu həmişə imkansıza, ehtiyacı olana əl tutmasına görə tanrının ona həyat lütfü əta etməsi əsl möcüzə hesab oluna bilər. Belə ki, təsadüf əsir düşərgəsində onun qarşısına uşaqlıq dostu, milliyətcə alman Emil Qutu çıxarır. Vaxtı ilə Gəncəbasarda yerləşdirilən alman kolonundan olan, Yellendroflu Emil Qutun sayəsində Cahangir bəy ölmün pəncəsindən qurtarır.
Qısa müddətə onların Varşavadakı mənzili azərbaycanlıların pənah yeri, milli nicat mərkəzinə çevrilir. Emil Qutun dəstəyi ilə almanlar Kazımbəylilərə inanaraq onlara sərbəstlik verir. Valiyyə xanım xəstəxanalarda müalicə olunan yaralı azərbaycanlılara imkan daxilində yardım edir, hətta hərbi əsrlər arasındakı azərbaycanlıları ölümün ağuşundan xilas etməyə də müəssər olur.
Əbo bəy Düdənginski ilə görüşən Cahangir bəy 1943- cü ildə Berlində Milli Azərbaycan qurultayının təşkil edilməsinə nail olur. Cahangir bəy və Valiyyə xanımın qovğası Azərbaycan idi. Vətənlərinin yenidən müstəqilliyini bərpa etməsi yolunda mübarizə idi. Azad görmək istədikləri doğma Gəncə həsrətinə son qoyulacağı günü görmək arzusu idi. Onlar qırmızı terorla bacardıqları qədər döyüşdü, mümkün vasitələrdən sona qədər istifadə edib, bolşevik istilasına barışmazlıq cihadı yapdılar. Amma bu o demək deyildir ki, onlar qəhvəyi tauna qucaq açıb, alqış deyirdilər. Faşistlərin iç üzünü bütün çılpaqlığı ilə dərk edən Kazımbəylilər heç vaxt onlarla əməkdaşlıq etmədilər. Amma Almaniyanın işğalı altındakı ərazidə qalmaq, ehtiyacı olan on minlərlə günahsız azərbaycanlılara dayaq durmaq, onları ölmün pəncəsindən xilas etməyə nail oldular.
1945- ci ildə ailə Sovet təqibindən qurtulmaq üçün Vyanada məskunlaşdı. Hələ 1944-ci ilin yazında Yalta görüşündə ingilislər ruslara sovet əsirlərini geri qaytarılmasına köməklik edəcəklərini söz vermişdi. Həmin əsirləri, hansı ki milli legionların fəaliyyətinə məcburən cəlb olunanların hamısını güllələnmə və ya Sibir məşəqqətində katorqalar gözləyirdi.
Valliyyə xanım bütün gücü ilə bacardığı vasitələrdən, ağlına gələn mümkün və mümkünsüz cəhdlərdən istifadə edərək azərbaycanlı əsirlərin həyatını xilas etmək üçün mücadilə edirdi. İngilislərəri yola gətirmək üçün Türkiyə Cümhuriyyətinin diplomatik gedişlərinə bel bağlayan Valiyyə xanım Ankaraya gəlir. Həmin vaxt Türkiyə Sovet təyziqlərinə görə AXC funksionerləri və ailə üzvülərinin ölkədən getməsini tövsiyyə edirdi. Valiyyə xanım imkan tapıb Misir kralı Fərruxa məktub göndərə bilir. Kralın qardaşı Valiyyə xanımın məktubunu ünvanına çatdırır. Misir hökumətinin xahişi ilə 118 nəfər azərbaycanlı keçmiş əsir İtaliyadan Misirə gətirilir. Onların demək olar ki, hamısı sonradan Türkiyədə məskunlaşır.
Cahangir bəy isə bu vaxt Parisdə, Vyanada, Qərbi Berlində müxtəlif dərgilərdə Azərbaycan həqiqətləri barədə sanballı məqalələrlə çıxış edirdi. Romada yaşayan Kazımbəylilər bütün Qərbi Avropaya səpələnmiş azərbaycanlılarla əlaqə saxlamağa cəhd edir, onların ən müxtəlif qayğılarını qarşılamağa səy göstərirdilər. Misirə aparılan və oradan Türkiyəyə gətirilən soydaşlarımızın içərisdən on iki nəfər yüksək rütbəli hərbiçi üçün Valiyyə xanım Romada yaşamaq izni almağa müvəffəq olur. Çox təəssüf ki, 1947- ci ilin 26 aprel tarixində İstanbuldan Romaya uçan təyyarə Afina yaxınlığıda qəzaya uğrayır. Afinada təyyarə hava şəraitilə əlaqədar eniş edə bilmir. Dumanlı havada İsveçə məxsus uçaq Attika dağlarına çırpılır. 44 nəfər sərnişin və heyət üzvülərinin hamısı həlak olur. Təsadüf ya müəmmadır ki, nə həmin qəzaya qədər nə də həmin facidən sonra onilliklər boyu bu aviaşirkətin heç bir təyyarəsi qəzaya uğramayıb.
Valiyyə xanım Kazımbəylinin Azərbaycan, azərbaycanlılar üçün döyünən ürəyi doğma Gəncədən uzaqlarda Yunanstan dağları qoynunda əbədi olaraq susdu. Bir neçə gün sonra onun nəşi İstanbula gətirildi. Və burada Ferigöy məzarlığında torpağa tapşırıldı.
Cahangir bəy Azadlıq radiosunu Azərbaycan redaksiyasının işində sovet qəsbkarlığını ifşa edən materalları ilə sözsüz ki, Moskvanın diqqətindən kənarda qala bilməzdi. Onu məhz dostu və məsləkdaşı Əbo bəy Düdənginski kimi sövet cəsuslarının əli ilə qətlə yetirildilər. Onun 3 mart 1885-ci ildən Gəncədə başlayan ömür yolu 17 yanvar 1955-ci ildə Qərbi Berlində başa çatdı. Cahangir bəy onun üçün Romaya təyyarə bileti alıb gətirən qadınla restaranda yemək yeyərkən zəhərlənərək dünyasını dəyişmişdir. Bu o vaxt idi ki, bütün Qərbi Avropa aerportlarının həndəvərində erməni mənşəli işbazlar, bilet alverçiləri dolaşırdı.
Cahangir bəy Kazımbəylinin məzarı Berlinin Şəhidlik Məscidindədir. Çox yəqin ki Berlində uyuyan Cahangir bəyin, İstanbulda əbədiyyətindən boylanan Valiyyə xanım ruhu Gəncənin mərkəzində ucalan cümhuriyyət bayrağımızla fəxr edir. Bayraq üçün, istiqlal üçün, Azərbaycan üçün, azərbaycanlılar üçün mübarizə aparan hər bir mücahidin məzarı harada olmasından asılı olmayaraq and yeridir. O qərib məzarlar elə qərib diyarlarda vətən parçalarıdır. Vətəni öz cismində, ruhunda yaşadan Valiyyə xanımın, Cahangir bəyin məzarları kimi.
Müəllif: Pərviz Yəhyalı
Demokratikmusavat.com