AZ

Vens Britaniya ordusunu ələ saldı - Cavab gecikmədi

“ABŞ ilə iqtisadi tərəfdaşlıq Ukrayna üçün təhlükəsizlik baxımından daha effektiv təminat olacaq. Bu, öz ərazisinə 30-40 ildir hərbi əməliyyatlarda iştirak etməyən hansısa “təsadüfi ölkədən” hərbi personalın yerləşdirilməsindən daha keyfiyyətli olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Fox News”a müsahibəsində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

Vens konkret ölkəni birbaşa qeyd etməsə də, onun bəyanatı Britaniya və Fransanın təşəbbüsü ilə Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı müzakirələr zamanı verilib.

Lakin Böyük Britaniyanın kölgə müdafiə naziri və digər deputatları Vensin Ukrayna üçün təklif olunan ingilis-fransız sülhməramlı qüvvələrini bu sözləri ilə dəyərləndirməsinə sərt reaksiya veriblər.

Britaniya siyasətçiləri Vensin İraq və Əfqanıstanda ABŞ qüvvələri ilə yanaşı döyüşən Britaniya qoşunlarına açıq-aşkar hörmətsizlik etməsindən qəzəbləniblər.

“Britaniya və Fransa Əfqanıstana minlərlə hərbçi, o cümlədən mənim qardaşım və keçmiş və indiki bir çox parlament həmkarlarımı göndərməklə ABŞ-nin köməyinə gəlib. Belə xidmətə və fədakarlığa məhəl qoymamaq dərin hörmətsizlikdir”, - Böyük Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic deyib.

Daha sonra Vens sosial şəbəkə hesabında məsələ ilə bağlı bunları yazıb:

“Müsahibədə mən son 20 il və daha çox müddətdə ABŞ-nin yanında cəsarətlə döyüşən Böyük Britaniya və ya Fransanın adını belə çəkməmişəm. Ancaq etiraf edək ki, bir çox ölkə var ki, döyüş təcrübəsi və ya hərbi texnikası olmadan könüllü olaraq dəstək verirlər”.

Seçilən
35
qafqazinfo.az

1Mənbələr