AZ

Ayaz Quliyev Azərbaycan pasportu aldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev idman vətəndaşlığını dəyişib.

Arena.az xəbər verir ki, bu barədə Rusiyanın “Matç TV” kanalı məlumat yayıb.

28 yaşlı futbolçunun Azərbaycan vətəndaşlığı aldığı və ölkəmizin milli komandasında oynamaq hüququ qazandığı bildirilib.

“Quliyev idman vətəndaşlığını Rusiyadan Azərbaycana dəyişib. Bununla da o, Azərbaycan millisində oynamaq hüququ əldə edib” – deyə mənbə “Matç TV”yə bildirib.

Göründüyü kimi, artıq Ayaz Quliyevin Azərbaycan millisinə dəvət alması ilə bağlı hansısa hüquqi əngəl qalmayıb. Böyük ehtimalla millimizin portuqaliyalı baş məşqçisi Fernando Santos qarşıdakı Haiti və Belarus yığmaları ilə yoxlama oyunlarına Ayazı da dəvət edəcək. Millimiz Haiti yığması ilə martın 22-də Sumqayıtda, Belarus seçməsi ilə isə ayın 25-də Masazırda üz-üzə gələcək.

28 yaşlı Quliyev Moskva “Spartak”ının yetirməsidir və U-19 səviyyəsində Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub. Vaxtilə Quliyevə AFFA tərəfdən bir neçə dəfə Azərbaycanın əsas millisində oynamaq təklif olunsa da, o, bunu qəbul etməmişdi.

Ayaz Quliyev “Sabah”a 2023-cü ilin avqust ayında Rusiyanın “Ximki” klubundan keçib. 28 yaşlı mərkəz yarımmüdafiəçisinin paytaxt klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Ayaz “Sabah”da indiyə qədər 33 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub.

Ayaz vaxtilə Moskva “Spartak”ının həm əvəzedici, həm də əsas komandasında (2013-2017, 2018-2020) forma geyinib. O, həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22), “Ximki” (2022-2023) klublarında çıxış edib.

Seçilən
35
arena.az

1Mənbələr