AZ

Azərbaycan beynəlxalq aləmdə idman dövləti kimi tanınır

5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür

Bu gün idmançılarımızın peşə bayramıdır. Onlar bu əziz bayrama öz istedadları, fədakarlıq və qələbəyə böyük inamları sayəsində parlaq uğurlarla gəliblər. İdman təkcə rəqibləri geridə qoyaraq birinci olmaq deyil, həm də sağlamlıq, gözəllik və ruh yüksəkliyi deməkdir. İdman, eyni zamandaVətən, xalq və dövlət qarşısında böyük məsuliyyət deməkdir.

Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində idmanın böyük rolu var. Bu mühüm amili nəzərə alaraq Azərbaycan dövləti bu sahəyə davamlı olaraq böyük diqqət və qayğı göstərir. Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli sərəncamına əsasən, hər il 5 mart günü Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.

Azərbaycan dövlətinin idman siyasəti tarixi ənənənərə söykənir. Xatırladaq ki, dahi siyasətçi Heydər Əliyev müstəqil Azərbaycanda milli dövlətçiliyimizin təməllərini qurarkən ölkəmizdə idmanın inkişafına xüsusi önəm verirdi. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşü zamanı xüsusi demişdir ki, idman təkcə yarışlar və medallar deyil, həm də gənclərin sağlam həyat tərzi deməkdir.

Son illər idmançılarımızın beynəlxalq yarışlarda uğurları durmadan artır. Azərbaycanın üçrəngli bayrağı ən uca zirvələrə yüksəlir. Bu gün müstəqil Azərbaycan bütün dünyada həm də idman dövləti kimi tanınır. Bu, həqiqətən qürurverici uğurdur! Eyni zamanda, idmançılarımız Vətənin, torpağın ağır, çətin günündə həmişə ön sıralarda olublar.

Son 20 ildə Azərbaycanın əksər bölgələrində Oimpiya Mərkəzlləri, ən yüksək tələblərə cavab verən stadionlar inşa edilmişdir. Bu istiqamətdə görülən titanik işlər öz müsbət nəticələrini, verməli idi və verdi də! Belə ki, Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında bir-birindən parlaq uğurları başlandı. Təkcə 2008-ci ildə Pekin Olimpiya Oyunlarında imançılarımız 7 medal qazandılar və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutdular.

Azərbaycanda ən yüksək beynəlxalq standartlara cavab verən idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, “Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri və s. bu sahədə görülən nəhəng işlərdən soraq verir.

Azərbaycan, eyni zamanda, ən yüksək səviyyəli idman yarışlarına ev sahibliyi edib. Onların bir neçəsinin adını saya bilərik: Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s.

2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət kimi idman tariximizə düşüb. 17 gün ərizində dünya bu elitar idman yarışında xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyinin bir daha şahidi oldu. Əslində, “Bakı-2015” ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixin yaddaşına yazıldı. Cəmi 2 il sonra, ölkəmizdə yenidən böyük uğurla təşkil olunan İslam Həmrəyliyi Oyunlarında Azərbaycan birinci yerə çıxaraq bir daha gücünü göstərdi

Dünyanın ən qədim və gözəl şəhərlərindən olan Bakı “Formula-1” yarışlarına da böyük uğurla ev sahibliyi edir. 1950-ci ildən etibarən hər il keçirilən bu tədbirin möhtəşəmliyini təmin etmək üçün paytaxtımızda lazımi şərait yaradılıb. Bu nüfuzlu yarışın planetin 190 ölkəsində yarım milyondan çox azarkeşi var. Azərbaycan “Formula-1”i ən yüksək səviyyədə təşkil etməyi bacaran ölkələrin ilk sırasındadır.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev ölkə idmançılarının ən yaxın dostu hesab olunur. Yeri gəlmişkən, dövlət başçımız 2024-cü il dekabrın 24-də ölkə idmanının yekunlarına həsr olunmuş mərasimdə demişdir: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Xatırladaq ki, bu il Azərbaycan MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Məlumdur ki, Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır.

Xalqımız dünya idman arenalarında başımızı uca edən idmançılarımızla fəxr edir. Azərbaycan idmançıları peşəkar və vətənpərvərdirlər. Onlar hər dəfə ən məsul yarışlarda qələbə uğrunda əzmlə mübarizə aparmaqla, milyonlarla Azərbaycan vətəndaşına hədsiz sevinc hissləri bəxş etməyə çalışırlar. Bayramınız mübarək, əziz idmançılar!

Məsaim ABDULLAYEV
XQ

Seçilən
55
xalqqazeti.az

1Mənbələr