AZ

Tanışını pul üstündə döyən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Samir Qaliblinin (soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunub. Belə ki, Binəqədi Rayon Məhkəməsinin hökmü ləğv edilib, təqsirləndirilən şəxsin əməlinin sübuta yetirilməməsinə görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə bəraət verilib. Samir Qaliblinin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində olan cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Samir məhkəmə iclas zalından azad olunub.
 

İttihama görə, hadisə 21 may 2022-ci il tarixdə, səhər saat 12:00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən “Qala” kafesində qeydə alınıb.
 

Belə ki, Samir Qalibli tanışı, zərərçəkmiş Süleyman Sabirovla (soyadı şərti) mübahisə edib. Buna səbəb isə zərərçəkmişin təqsirləndirilən şəxsə pul verməməsi olub. Bu zaman o, kafenin həyətində Süleymanın ünvanına nalayiq söyüşlər söyüb və əşya ilə vuraraq, ona xəsarətlər yetirib.


Hadisədən sonra Samir Qalibli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 

Tarix: 5 Mart 2025, 10:23   
Seçilən
33
1
pravda.az

2Mənbələr