"Oruc yalnız fiziki aclıq deyil, həm də dərin mənəvi bir prosesdir. Ramazan ayı insanın nəfsini tərbiyə etməsi, iradəsini gücləndirməsi və mənəvi yüksəlişi üçün bir fürsətdir".
Bu sözləri Far.Az-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.
Onun sözlərinə görə, sadəcə yemək və içməkdən çəkinmək kifayət etmir; insan sonrakı mərhələdə bədən üzvlərini, hətta fikirlərini, sözlərini və əməllərini də saflaşdırmalıdır:
"Oruc, insanı nəfsani istəklərdən uzaqlaşdıraraq səbir, şükür və təqva yolunda yetişdirir. Həm də, bu ay ibadət baharı, təlim və tərbiyə ayı, təmizlik və paklıq ayı, təqva və özünüislah ayıdır; elə bir aydır ki, Allah-Taalaya yaxınlıq mərhələlərini və Allaha doğru mənəvi səyahəti sürətli və möhkəm addımlarla qət etmək mümkündür.
Xoşbəxt və səadətli kəslər o kəslərdir ki, bu ayın yüksək dəyərini dərk edib, onun sonsuz bərəkətlərindən faydalanarlar, oruc və ibadətlərin bərəkəti ilə mənəvi və maddi problemlərini həll edərlər".
Orxan Hüseyn