AZ

Ağ Ev Ərəb Liqasının Qəzza planına münasibət bildirib

BAKI, TurkicWorld

Ağ Ev Ərəb Liqasının Zirvə toplantısında qəbul edilən Qəzza planına reaksiya verərək, Prezident Donald Trampın Qəzzanı HƏMAS-dan azad etmək vizyonunu dəstəklədiyini bəyan edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Ağ Evin açıqlamasında Ərəb Liqasının sammitdə qəbul etdiyi planın bölgənin "yaşamaq üçün yararsız" olması faktını nəzərə almadığı vurğulanıb.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brian Hughes İsrail mətbuatına verdiyi yazılı açıqlamada, “Hazırda Qəzzada həyatın normal davam etməsi mümkün deyil. Sakinlər dağıntılar və partlamamış hərbi sursatlarla dolu ərazidə insanca yaşaya bilmirlər. Prezident Tramp Qəzzanı HƏMAS-dan azad etmək vizyonunun arxasında dayanır”. - deyə bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar ərəb ölkələri ilə danışıqlara açıqdır və “bölgəyə sülh və rifah gətirmək üçün təmaslarımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.

Xatırladaq ki, Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Liqasının fövqəladə sammitində liderlər ABŞ Prezidenti Donald Trampın mübahisəli Qəzza planına alternativ olaraq yeni bir təklif irəli sürüblər.

“Misir Planı” adlanan bu təşəbbüs, fələstinlilərin məcburi köçürülməsinin qarşısını almaqla yanaşı, Qəzza zolağının yenidən qurulmasını nəzərdə tutur. Layihənin birinci mərhələsində, qarşıdakı iki il ərzində təxminən 20 milyard dollar dəyərində 200 min yeni evin tikilməsi planlaşdırılır.

Tramp administrasiyası əvvəllər Qəzzanın daşınmaz əmlak investisiyaları və turizm layihələri vasitəsilə yenidən formalaşdırılmasını təklif etmişdi. Bununla belə, ərəb ölkələrinin yeni Qəzza planına verdiyi reaksiya ABŞ-ın diqqətini çəkib.

Seçilən
32
turkic.world

1Mənbələr