AZ

Azərbaycan tarixində qadınların rolu

Tarix boyu qadınlarımız yurdunun, vətəninin müdafiəsi, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, hünər, cəsarət, vətənpərvərlik və müdriklik nümunələri ilə bəşər salnaməsinin qəhrəman obrazlarına çevrilmişlər.

Azərbaycan xanımları müxtəlif xalqlara mənsub dünya qadınları arasında zəkası, əxlaqı, gözəlliyi, sadiqliyi, xeyirxahlığı, qəhrəmanlığı və digər mənəvi keyfiyyətləri ilə örnəkdir.  Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi “Kitabi-Dədə Qorqud” dastanında Selcan xatun, Burla xatun, Banuçiçək və digər xanımların silahlanması, at çapıb döyüş meydanlarında vuruşması da tarixən qadınlarımızın müti olmadığını, azad ruhunu, igidliyini səciyyələndirir. Tomiris, Möminə xatun, Qətibə xanım, İnanc xanım, Mehrcan xanım, Sara xatun, Tuti Bikə xanım, Bəyim xanım, Nigar, Həcər kimi dərin zəkaya, möhkəm iradəyə malik hökmdar, diplomat, döyüşçü qadınlarımızın göstərdiyi qeyrət nümunəsi dövlətçilik, xarici siyasət və hərb tariximizin şanlı səhifələridir.

Bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusudur. İdarəedici və qanunverici orqanların rəhbərliyində, parlamentin deputatları arasında, xarici siyasətdə zərif cinsin nümayəndələrinin təmsil olunması ölkəmizdə qadınların idarəedici qüvvə olduqlarını sübut edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan qadınının dövlətçilik sahəsində göstərdiyi tarixi xidmətlərin layiqli davamçısıdır.

Xalqımızın mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, ölkə daxilində mədəniyyətin, təhsilin, elmin inkişafında Mehriban xanım Əliyevanın rolu danılmazdır.

Qadın bəşəri nurlandıran çıraqdır, onun işığı, nuru azalarsa, kainat qaralar, cəhalət hökm sürər... O, həyat mənbəyi, ən gözəl şeirlərin, bəstələrin ilham pərisi, ən ülvi duyğuların ünvanıdır! Bəşər övladı onun laylası, oxşaması ilə böyüyür, ilk tərbiyə və təlim alır. Millətin və dövlətin gələcəyi həyatı davam etdirən, nəsillər yetirən qadına verilən dəyərdən asılıdır.

Sevda Novruzova,
Bakı şəhəri,  Xətai rayonu, 27 nömrəli tam orta məktəbin müəllimi

Seçilən
19
ikisahil.az

1Mənbələr