AZ

Federiko Dimarko bir aya yaxın oynamayacaq

Futbol üzrə İtaliya yığma komandasının və Milan “İnter”inin sol cinah müdafiəçisi Federiko Dimarko zədələnib.

Arena.az xəbər verir ki, o, A Seriyasının 27-ci turu çərçivəsində “Napoli”yə qarşı keçirdikləri səfər matçında (1:1) sıradan çıxıb.

Müdafiəçi təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Klubunun yaydığı açıqlamada yaxın günlərdə futbolçunun yenidən tibbi müayinədən keçəcəyi diqqətə çatdırılıb.

Xatırladaq ki, Dimarko “Napoli” ilə matçın ikinci hissəsində zədələndiyi üçün 51-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.

Federiko Dimarko “İnter”in yetirməsidir. Federiko 2016-cı ildən müxtəlif illərdə “Askoli”, “Empoli”, “Syon”, “Parma”, “Verona”da icardə və ya geri satınalma şərtləri əsasında çıxış edib. İtalyan müdafiəçi bu illər ərzində xeyli tərəqqi edərək, nəhayət 2021-ci ilin iyununda “Verona”dan icarədən qayıdıb və “neradzurri”nin heyətində yerini möhkəmlədib. Dimarkonun “neradzurri” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dimarko “İnter”in heyətində bütün yarışlarda 34 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

Dimarkonun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 172 oyun, 18 qol, 30 məhsuldar ötürmə.

Dimarko “İnter”lə İtaliya A Seriyasının və İtaliya Kubokunun (2 dəfə) və İtaliya Super Kubokunun (3 dəfə) qalibi olub.

Federiko Dimarko 2022-ci ilin iyununda dübüt etdiyi İtaliya yığmasının heyətində 28 oyuna 3 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 27 yaşlı italyan sol cinah müdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
arena.az

1Mənbələr