BAKI, TurkicWorld
Türkiyə və Azərbaycan arasında enerji əməkdaşlığının mühüm hissəsi olan İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin bu gün açılış mərasimi keçiriləcək və qaz axını başlayacaq.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, layihənin təməli 25 sentyabr 2023-cü ildə Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdu.
Türkiyə hissəsi 85 kilometr uzunluğunda olan bu boru xətti tamamlandıqda, illik 500 milyon kubmetr qaz nəql etmə gücünə sahib olacaq və 500 min nəfərlik Naxçıvan əhalisinin təbii qaz tələbatını tam ödəyəcək.
Mərasimdə Ərdoğan və prezident İlham Əliyevin iştirakı ilə boru kəməri vasitəsilə qaz axınının rəsmi başlanğıcı veriləcək.
Beləliklə, “Türk qapısı” kimi xarakterizə edilən Naxçıvanın enerji təchizatının təhlükəsizliyi Türkiyənin dəstəyi ilə təmin ediləcək.
Xatırladaqki, Azərbaycan Naxçıvanın qaz təchizatının sabitliyini təmin etmək üçün 2020-ci ilin dekabr ayında Türkiyə ilə İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin inşasına dair xoşməramlı saziş imzalamışdı. Layihə çərçivəsində Şərqi Anadolu Təbii Qaz Magistral Ötürücü Xəttindən çıxan İğdır Təbii Qaz Boru Kəmərinin davamı olaraq Naxçıvana 85 kilometrlik yeni boru xətti çəkilib.
Bu kəmər Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi strateji enerji layihələrindən sonra Türkiyə və Azərbaycanın birlikdə reallaşdırdığı üçüncü böyük təbii qaz boru kəməri olacaq.
“Bu layihə həm Naxçıvanın enerji təhlükəsizliyini artıracaq, həm də Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyacaq”, – deyə ekspertlər bildirirlər.