"İslamda oruc fərdi bir ibadətdir, səmimi niyyət və könüllü itaət əsasında yerinə yetirilməlidir. Heç kim oruca məcbur edilə bilməz".
Bu sözləri BAKU.WS-ə açıqlamasında ilahiyyatçı Fərid Abdullah bildirib.
Onun sözlərinə görə, Quranda açıq şəkildə bildirilir ki, dində məcburiyyət yoxdur:
"Bəli, maarifləndirici, dəvətedici hallarla müəyyən mesajı çatdırmaq mümkündür. Amma şiddət, zorakılıq kimi hallara icazə verilmir. Din insana təklif və təkidlə, sevgi və hikmətlə çatdırılmalıdır. İnsanları məcbur etməklə, onlarda dinə qarşı mənfi hisslər oyatmaq olar.
Habelə oruc tutan insan öz davranışı, səbrli və mənəvi duruşu ilə başqalarına nümunə olmalıdır. Peyğəmbər (s) və imamlar heç vaxt insanları ibadətə zorla məcbur etməmiş, onları məhəbbətlə, gözəl nəsihətlə və nümunəvi əxlaqla dəvət etmişlər.
Əgər bir insan oruc tutmursa və dini öhdəliklərini yerinə yetirmirsə, onu incitmək, alçaltmaq və məcbur etmək düzgün deyil. Çünki biz pərdənin arxa tərəfini görmürük. Məsələyə, ürək yanğısı ilə yanaşmaq gərəkdir".
Orxan Hüseyn