Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, "Vaqner"in yaradıcısı Yevgeni Priqojin 2023-cü ilin iyununda təşkil etdiyi üsyan zamanı nüvə silahı əldə etməyə cəhd edib...
Poliqon xəbər verir ki, BelTA bu barədə Belarus liderinin amerikalı bloqer Mario Naufalla müsahibəsindən verdiyi açıqlamalara istinad edir.
Lukaşenkonun sözlərinə görə, Priqojin nüvə düyməsinə can atıb. Belarus prezidenti bunu iyunun 24-də günün ortasında anladığını qeyd edib. Lukaşenko vurğulayıb ki, o, Priqojinin belə bir dəliliyə çata biləcəyini ağlına belə gətirməyib.
Belarus prezidenti bəyan edib ki, Rusiya hakimiyyəti hadisələrin belə inkişafına imkan verməzdi, bu da Qərb üçün qəbuledilməzdir.
Belarus liderinin sözlərinə görə, "Vaqner" üsyanı zamanı o, Rusiya prezidenti Vladimir Putinə Moskvanın müdafiəsini gücləndirmək üçün Belarus xüsusi təyinatlılarını göndərməyə hazır olduğunu bildirib.
2023-cü il iyunun 23-də axşam Priqojin elan edib ki, Rusiya Müdafiə Nazirliyi qüvvələri onun "Vaqner"inin arxa düşərgələrinə zərbələr endiriblər və onun döyüşçüləri ədalət yürüşü ilə Rusiya ərazisinə doğru irəliləyirlər. Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib.
İyunun 24-də səhər saatlarında "Vaqner" qüvvələri Rostov-na-Donuda inzibati binaları bağlayıb və Moskvaya doğru hərəkət etməyə başlayıb. Daha sonra qiyam yatırılıb. Həmin gün Belarus prezidentinin mətbuat xidməti Lukaşenko ilə Priqojin arasında aparılan danışıqlar barədə məlumat yayıb.
2024-cü ilin 24 avqustunda Priqojinə məxsus olan "Embrair" biznes-jet Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçan zaman qəzaya uğrayıb və "Vaqner" rəhbəri həlak olub.
Poliqon.info