AZ

V.Zelenski D.Trampla görüş barədə danışıb » AzadMedia.az

V.Zelenski


Ukrayna prezidenti Volodimir Zelenski Donald Trampla Ağ Evdə keçirilən görüşdə baş verənlərə görə peşmanlığını ifadə edib.

AzadMedia.az xəbər verir ki, etdiyi videomüraciətdə danışan Zelenski, görüşdə baş verən gərginliyin təəssüf doğurucu olduğunu, lakin bunun iki ölkə arasındakı güclü əlaqəyə xələl gətirməyəcəyini, bu istiqamətdə də çalışacaqlarını deyib.
Zelenski ölkəsində 3 ildən çoxdur davam edən müharibəyə son qoymağı hədəflədiklərini və ABŞ rəhbərliyinin də məhz Ukraynada sülh əldə etmək üçün çalışdığını bildirib.

Ukrayna prezidenti Trampın “güclü rəhbərliyi” altında davamlı sülh əldə etmək üçün çalışmağa hazır olduğunu qeyd edib.
Zelenski həmçinin nadir torpaq mineralları və təhlükəsizlik sahəsində ABŞ ilə müqavilə imzalamağa hazır olduqlarını və fevralın 28-də baş tutmalı olan, lakin məlum səbəblərə görə reallaşmayan razılaşmanın qısa müddət ərzində əldə olunacağına inandığını deyib.

ABŞ-ın hərbi yardımlarının dayandırılması Ukraynada narahatlıq yaradıb. Zelenski'nin açıqlaması, Trampın bu gün ABŞ Konqresində çıxış etməsi ərəfəsində verilib. Kiyevdəki rəsmilər isə müharibə zamanı ABŞ-ın verdiyi dəstəyə görə minnətdar olduqlarını və Vaşinqtonla əməkdaşlıq etməyə davam edəcəklərini bildirdilər.
Bu vaxa qədər Tramp administrasiyası və Ukrayna rəsmiləri arasında əsas fikir ayrılıqları Kiyevin sülh üçün irəli sürdüyü bəzi tələblər olub.

Ukrayna hər hansı mümkün bir sülh müqaviləsində təhlükəsizlik təminatları tələb edir və Rusiya tərəfindən işğal edilən Ukrayna torpaqlarını tanımayacağını bəyan edib.
Rəsmi Kiyev həmçinin ölkəsinin suverenliyinin və təhlükəsizliyinin zəmanəti kimi NATO-ya üzvlüyün vacibliyini bildiriblər.

Tramp isə bu tələblərə qarşı çıxıb, NATO-ya üzvlüyün ümumiyyətlə mümkün olmadığını, digər tələblərdə isə Kiyevin əhəmiyyətli güzəştlərə getməli olduğunu bildirib.

Ukrayna və müttəfiqləri, Trampın təcili atəşkəs tələb etməsindən narahat olublar.

Ukraynanın ABŞ-nin irəli sürdüyü sülh planına qarşı çıxması və ya məsafəli davranması, ABŞ-nin Kiyevə bütün yardımları dayandırmasına gətirib çıxarıb.

Ağ ev rəsmiləri, yardımların dayandırılması ilə bağlı qərarın əslində müvəqqəti xarakter daşıdığını və Zelenskinin sülhlə razılaşacağı təqdirdə yardımların bərpa olunacağını bildiriblər.

ABŞ-nin vitse-prezidenti, fevralın 28-dəki Ağ evdəki görüşdə odlu-alovlu çıxışları və Zelenskiyə sərt sözləri ilə yadda qalan JD Vens, Rusiyaya qarşı müharibəni uzun müddət davam etdirməyin mümkün olmadığını bildirib.

Vens qeyd edib ki, hazırda elə bir nöqtəyə gəlib çıxılıb ki, müharibəni uzun müddət davam etdirməyə nə ABŞ, nə Avropa, nə də Ukrayna qadirdir.


O, Ukraynanı yardımın bərpası üçün masa arxasına gəlməyə və danışıqlara başlamağa çağırıb.

Seçilən
33
1
azadmedia.az

2Mənbələr